Bazar, 22.12.2024, 08:17
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 2
Qonaq 2
İstifadəçi 0

Главная » 2010 » Aprel » 6 » Şiənin xüsusiyyətləri
22:50
Şiənin xüsusiyyətləri
Bəziləri İmam Əlinin (ə), İmam Sadiqin (ə) şiəsi olduqlarını iddia edir, lakin əməldə onlara tabe olmurlar. Digər din və məzhəblərdən olan müxaliflər isə şiəlik iddiasında olanların əməllərini görür və bunun həqiqi şiəlik olduğunu güman edib ikrah hissi ilə yanaşırlar. İmamlardan (ə) nəql olunan rəvayətlərdə şiələrin bir çox xüsusiyyətləri öz əksini tapmışdır ki, bunların bəzilərinin onun müsəlman olmasında rolu var, bəziləri isə sadəcə kamilli rəmzidir. Həqiqi şiə o şəxsdir ki, bütün əxlaqi sərvətləri özündə cəmləsin və bu baxımdan nümunə olsun.

Şiənin nişanələri

1.  İmam Sadiq (ə) buyurmuşdur: "Bizim şiələrimiz təqvalı, çalışqan, vəfalı, əmanətdar, zahid və ibadətkardırlar. Onlar gün ərzində əlli bir rəkət namaz qılırlar (yəni vacib namazlardan başqa müstəhəb namazları da qılırlar). Onlar gecəni ibadətlə məşğul olar, gündüzləri oruc tutarlar. Zəkatlarını verər, həccə gedər və hər növ çirkin əməldən çəkinərlər” ("Bihar əl-ənvar”, c. 65, səh 167).

2.  "Bizim şiələrimiz yaxşı işlərdə qabaqcıl olar, pis işlərdən çəkinərlər. Onlar yaxşılıqları üzə çıxarar (canlandırarlar), Allah əmrinin icrasına tələsərlər. Bu, Allahın rəhmətinə meyilli olmalarından doğur. Bu xüsusiyyətlərə malik olan (şəxs) bizdəndir, bizə mənsubdur və harda olursaq olaq bizimlədir” (Yenə orada, c. 65, səh. 169).

3.  İmam Baqir (ə) buyurur: "Bizim şiələrimiz yalnız Allahdan qorxan və ona itaət edənlərdir. Onlar təvazö, xüşu, əmanətdarlıq və Allahı çox yad etməklə məşhurdurlar” ("Tuhəf əl-uqul”, səh. 295).

4.  "Həqiqətən, şiə o kəsdir ki, qarnını və şəhvətini kontrol etsin, cihadda sabitqədəm olsun. Yalnız yaradanı üçün iş görsün, onun savabına ümid bəsləyib, cəzasından qorxsun. Belələrini görsən, onlar Cəfəri şiəsidirlər” ("Üsul əl-kafi”, c. 2, səh. 233).

5.   "Bizim şiələrimiz bir neçə xüsusiyyətlə tanınırlar; səxavət, qardaşlarına qarşı əliaçıqlıq və gün ərzində əlli yeddi rəkət namaz qılmaqla” ("Tövhəf əl-üqul”, səh. 303).

6.   "Müxtəlif məzhəblər sizi çaşdırmasın. And olsun Allaha, bizim şiələrimiz yalnız Allaha itaət edənlərdir” ("Üsul əl-kafi”, c. 2, səh. 73).

7.  İmam Əli (ə) buyurur: "Bizim şiələrimiz vilayətimiz yolunda əliaçıqlıq edənlər, sevgimiz yolunda biri-birini sevənlərdir. Onlar bizim tapşırıqlarımızı yaşatmaq üçün bir-birlərinə baş çəkməyə gedər, qəzəbləndikdə kimsəyə zülm etməz, razı olduqları halda israf etməz, qonşularına bərəkət, yoldaşlarına əmin-amanlıq, səmimiyyət gətirərlər” ("Üsul əl-kafi”, c. 2, səh. 236).

8.   "Şiələrimiz Allahı tanıyanlar, əmrlərinə tabe olanlardırlar. Onlar fəzilət sahibi, düz danışanlardırlar. Geyimləri ortadır və (xalq arasında) təvazökarlıqla davranarlar” ("Bihar əl-ənvar”, c. 78, səh. 29).

9.  Abdullah ibn Ziyad deyir: "Minada İmam Sadiqi (ə) gördüm. Salamdan sonra dedim: "Biz həmişə sizi görmək şərəfinə nail olmayan bir qövmük. Bizə tövsiyələrinizi bildirin”. Həzrət (ə) buyurdu: "Təqvalı olun, düz danışın, əmanətdar olun. Həmsöhbət olduğunuz adamla yaxşı davaranın. Bir-birinizə salam verin, (ac olanınızın qarnını) doyurun. Onların (əhli-sünnənin) məscidlərinə gedin. Xəstələrinə baş çəkin. Dəfn mərasimlərində iştirak edin. Çünki atam mənə buyurmuşdur: "Həqiqətən, biz Əhli-beytin (ə) şiələri insanların ən yaxşılarıdırlar. Fəqihlər onlardan olar, rəhbər onlardan olar. Siz də belə olun. Elə yaşayın ki, insanların sevgisi bizə cəlb olsun. Xalqda bizə qarşı kin oyadacaq şəkildə həyat sürməyin” ("Müstədrək əl-vəsail”, c. 8, səh. 313).

10.             İmam Kazim (ə) buyurur: "Həqiqətən, Əli (ə) şiəsi əməli sözünü təstiq edən şəxsdir” ("Üsul əl-kafi”, c. 8, səh. 228).

11.             İmam Sadiq (ə) buyurur: "Əgər bizim şiələrimiz ( imanda, əməldə) möhkəm olarlarsa, mələklər onlarla qol-boyun olar, buludlar üzlərinə kölgə salar, gündüzləri İlahi nurun şuaları altında belə nemətlə əhatə olunar, Allahdan istədikləri hər dilək həyata keçər” ("Tuhəf əl-üqul”, səh. 302).

12.             Zeyd Şəhham deyir: "İmam Sadiq (ə) mənə buyurdu: "Mənə tabe olanınıza, məndən göstəriş alanınıza salamımı çatdır. Mən sizi təqvaya, pəhrizkarlığa, Allah yolunda çalışmağa, düzgün danışmağa, əmanətdarlığa, davamlı səcdəyə və qonşulara xoş münasibətə dəvət edirəm. Peyğəmbər (s) bunlar üçün göndərilmişdi. Sizi etibarlı hesab edib əmanət tapşıranların yaxşı və ya pis olmasından asılı olmayaraq haqqını ödəyin. Peyğəmbər (s) daim (hətta əmanət) sap və parçanın belə qaytarılmasını əmr edərdi. Qohumlarınızla əlaqə saxlayın. Onların dəfn mərasimlərində iştirak edin. Xəstələrinə baş çəkin. Haqlarını ödəyin. Hansınız dinində təqvalı, düz danışan, əmanətdar, səmimi olsa, "Bu, Cəfəri şiəsidir” deyilər. "Bu Cəfəri ədəb-ərkanlıdır” deyilməsi məni razı salar. Allaha and olsun, atam mənə buyurdu: "Əli (ə) şiələrinin öz qövmü arasında zinət olanı hamıdan çox əmanətdar olan, düz danışan, digərlərinin hüquqlarına hörmətlə yanaşanıdır. Xalqın vəsiyyətləri, əmanətləri onlara etibar edilər. Qövmləri arasında onlar haqqında soruşular: "Kim filankəs kimidir? O, hamıdan əmanətdar, sözündə düzdür” ("Üsul əl-kafi”, c. 2, səh. 636.

ŞİƏ VƏ DİN QARDAŞLARINA YARDIM

1.  Bir nəfər İmam Baqirin (ə) yanında şiələrin çoxluğundan söhbət açdıqda həzrət (ə) buyurdu: "Onların imkanlısı yoxsuluna mərhəmət edirmi? Əməlisalehi günahkarının xətasından keçirmi? Bir-birlərinə qarşı bərabərhüquqludurlarmı? Rəvayətçi "Xeyr” deyə bildirdiyini deyir. Bu zaman Həzrət (ə) buyurur: "Onlar şiə sayılmırlar. Şiə bu xüsusiyyətlərə malik insanlardır”  ("Bihar əl-ənvar”, c. 74, səh. 313).

2.  Məhəmməd ibn Əclan deyir: "İmam Sadiqin (ə) yanında idim. Bir şəxs daxil olub salam verdi. Həzrət (ə) ondan soruşdu: "Qardaşların necədirlər?”. O, onları tərifləməyə başladı. Həzrət (ə) buyurdu: "İmkanlıların yoxsullara baş çəkməyi necədir? -      Azdır.-      İmkanlıların yoxsulları nəzərə alması necədir?-      Azdır.-      İmkanlıların yoxsullara bəxşişi necədir?-      Siz elə bir şey haqqında soruşursunuz ki, onlar bizim xalqın arasında çox azdır. -      Bəs sən onların şiə olduqlarını necə düşünürsən?”("Üsul əl-kafi”,  c. 2, səh. 173).

BUNLAR HƏQİQİ ŞİƏ DEYİLLƏR

1.  İmam Sadiq (ə) buyurur: "Dili ilə bir söz deyib, əməli ilə onun əksini göstərən bizim şiələrimizdən deyil” ("Bihar əl-ənvar”, c. 68, səh. 164).

2.   "Ey Məhəmməd (ə) ailəsinin şiələri! Qəzəbləndikdə qəzəbini cilovlamayan, ünsiyyətdə olduğu adama xoş rəftar göstərməyən, xoş dillə danışmayan, qarşı tərəf sülh istədikdə sülhə boyun qoymayan bizdən deyil” ("Tuhəf əl-üqul”, səh. 380).

3.   "Bir şəhərdə minlərlə ondan daha təqvalısı olan kimsə bizim şiələrimizdən deyil” ("Bihar  əl-ənvar”, c. 68, səh. 164).

4.   "Bir qrup insan mənim onların imamı olduğumu düşünürlər. Allaha and olsun, mən onların imamı deyiləm. Allah onlara lənət etsin. Hansı örtüyü saldımsa yırtdılar. Mən "belə” deyirəm, onlar isə mənim fikrimin "elə” olduğunu deyirlər. Mən o şəxsin imamıyam ki, mənə itaət edir” ("Bihar  əl-ənvar”, c. 68, səh. 164).

5.  İmam Həsən Əsgəri (ə) buyurur: "Bir kişi Peyğəmbərə (s) dedi: "Filankəs qonşusunun evinə baxır. Haram vəziyyət yarandıqda gözünü çəkmir. Peyğəmbər (s) narahat oldu və buyurdu: "Onu mənim yanıma gətirin”. Məclisdə iştirak edən başqa birisi dedi: "Ey Allahın Rəsulu! O, sizin şiələrinizdəndir. Sizin və Əlinin (ə) vilayətinə etiqadı olan, düşmənlərinizə nifrət bəsləyən biridir”. Həzrət (s) buyurdu: "O, bizim şiələrimizdəndir demə. Bu yalandır. Bizim şiələrimiz bizə tabe olanlar, yolumuzu davam etdirənlərdir” ("Tənbih əl-xəvatir”, c. 2, səh. 105).

ŞİƏNİN XALQLA DAVRANMA VƏZİFƏLƏRİ

1.  İmam Sadiq (ə) buyurmuşdur: "Ey şiələr! Siz bizə mənsubsunuz. Bizim zinətimiz olun. Elə bir iş görməyin  ki, camaat bizə qarşı pis fikirdə olsun” ("Mişkat əl-ənvar”, səh. 67).

2.  "Allah rəhmət etsin xalq arasında bizi sevdirən, xalqın bizə qarşı düşmən mövqeydə olmamalarına səbəb olan bəndəyə. And olsun Allaha, camaat bizim sözlərimizin üstün cəhətlərini görsələr (hər keçən gün) daha məğlubedilməz olacaqlar. Heç bir zaman kimsə onlara yetə bilməz” ("Mişkat əl-ənvar”, səh. 180).

3.  "Ey Əbu əl-Ə`la! Allahın salam və rəhməti bizim şiələrimizə çatdır və mənim tərəfimdən onlara de: "Allah mərhəməti yaxşıya dəvət, pisə qadağa ilə xalqın sevgisini özünə və bizə cəlb edən bəndənin üzərindən əskik olmasın” ("Bihar əl-ənvar”, c. 2, səh 77).

4.  "Ey şiələr! Bizə zinət olun. Abrımızın aradan getməsinə səbəb olmayın. Camaatla gözəl sözlərlə danışın. Dillərinizi qoruyub çox danışmaqdan, dilinizə pis sözlər gətirməkdən çəkinin” ("Əmali”, səh. 327).5.  İmam Hadi (ə) şiələrinə müraciətlə buyurur: "Təqva qazanın. Bizə zinət olun. Abrımızın aradan getməsinə səbəb olmayın. Dostluğu sevgini bizə doğru çəkin. Hər bir qəbahəti bizdən uzaq edin” ("Tuhəf əl-üqul”, səh. 488).

Çevirən: Maqsud Sayıl

islammektebi.org

Категория: Məqalələr | Просмотров: 1084 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz