Bazar, 22.12.2024, 13:12
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Avqust » 7 » BİZLƏRƏ MƏNƏVİ QİDALARINDAN DADIZDIR....
23:18
BİZLƏRƏ MƏNƏVİ QİDALARINDAN DADIZDIR....
Cümə söhbətləri

Mübarək Ramazan ayının ərəfəsindəyik. Ramazan ayı bir aydır ki, iman əhlinə bunda oruc tutmaq vacib buyurulub. Rəbbimiz Öz mübarək Kitabında, "Bəqərə” surəsinin 183-cü ayəsində iman əhlinə müraciət edərək, buyurur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”.

Yəni, o kəslər ki, iman gətirməyə iddialıdırlar, Allaha inanandırlar, Peyğəmbərin gətirdiklərinə inanandırlar, İslamın vacib buyurduğuna əməl edənlərdirlər – Uca Rəbb sizlərə müraciətlə oruc tutmağın vacibliyini buyurur və onun fəlsəfəsini açır.

Dinimiz deyir ki, oruc sizin üçün yazılmış oldu, qərara alınmış oldu - necə ki, yazılmış idi o kəslərə ki, sizlərdən öncə olmuşdurlar. Olsun ki, təqvalı olasınız.

Uca Allah iman əhlinə müraciət edir – lətif bir müraciətlə. Sevgi dolu bir müraciətlə. Məhəbbətlə, rəhmətlə dolu bir müraciətlə.

YARADANIN NƏ EHTİYACI BİZİM AC-SUSUZ QALMAĞIMIZA?

Rəbbimiz mübarək Ramazan ayının orucunu Özünə aid edib. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: Allah Təala buyurur: "Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm”.

Hər kəs bu ayda gələ Allah dərgahına və səmimi, xalis özünü İlahi lütfə təslim edə, Allahın xidmətinə özünü təqdim edə - onun mükafatını Allah Təala verər. İnsan açılan bu süfrənin qonağı olmaq istəyirsə, gərək bütün vücudunu oruca hazırlasın, oruca yönəltsin. Peyğəmbərimizin (s) mübarək bir buyuruşu var: «Allah Təala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur».

Allahın nə ehtiyacı ona ki, insan 1 ay yemək və içməkdən çəkinsin?! Allah Təalanın bizim fiziki orucumuza ehtiyacı yoxdur ki! Budur, Rəbbimiz bizə xəbər verir. Deyir ki, kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən-içməkdən çəkinməsinə heç bir ehtiyacım yoxdur. Gözlərimiz, qulaqlarımız, dilimiz, digər əzalarımız oruc tutmasa, zehnimiz oruc tutmasa, fikirlərimizi, düşüncələrimizi mübarək səmtə yönəltməsək, pis, dağıdıcı, ruhu alt-üst edən düşüncələrdən pəhriz etməsək, oruc tutmaq adıyla yalnız yemək-içməkdən çəkinmədə nə fayda?! Qəlblərimiz oruc tutmasa, zahiri orucun böyük bir əhəmiyyəti və xeyri olmaz.

Mübarək Ramazan ayında diqqətdə saxlanılmalı ən mühüm məqamlardan biridir bu. İlahi ziyafətin müddəti məhduddur və insan elə etməlidir ki, onun orucu yalnız ac və susuz qalmaqdan ibarət olmasın. Bu ünsürlər orucluqda var və bunlar zəruri vasitədir. Amma ac və susuz qalmaq elə bir tərkib hissəsidir ki, bunların yanında oruc tutanın vücudunun orucu mühümdür. Gözün, qulağın, dilin – hər bir əzanın orucu mühümdür. İnsanın bütöv halda oruclu olması mühüm, həllledici məsələdir.

DÜŞÜNMƏK – YAXŞILIQLARIN ATA-ANASIDIR

Mübarək Ramazan ayını tanımağın ən gözəl yollarından biri də - bu ayda edilən dualardır. Mübarək ayın dualarına nəzər saldıqda görürük ki, hər günlə bağlı Rəbbimizin bizə tapşırığı var. Məsumlar (ə) bu duaları bizə çatdırmaqla, hər gündə nəyi istəməyə önəm vermək barədə dürüst məlumatı bizə xəbər edirlər. Bunların arasında həqiqi orucun, həqiqi ibadətin nəsib olma tofiqatı xüsusi yerlərdən birini tutur. Və yaxud, xüsusi olaraq bağışlanma dilənilir. Başqa günün duasında isə Rəbbimzin razılığını əldə etmək hədəfi mərkəzi yeri tutur.

Bu fonda təəssüf doğuran məqamlardan biri budur ki, insanlar bütün bu fürsətlərdən yararlanmaq imkanını əldən buraxır. "Çatdırmıram, vaxtım yoxdur” kimi bəhanələrlə özünü bu nemət dolu süfrədən əliboş qaytarır. Əslində isə vaxtını düzgün tənzimləmir, işini düzgün qurmur. Amma insanın üzərində bu ayda əqlaniyyəti işə salmaq, təfəkkürü təmizləmək kimi vəzifələr var. Və vaxtın düzgün təmzinlənməsi – zehnin yenilənməyinin gözəl təzahürərindəndir. İnsanın zehni, düşüncələri aydınlaşsa - səfeh, mənasız, böş işlərdən öz-özünə uzaqlaşar. Burada sanki bir əlaqə var – düşüncə olmayanda, onun yerini mənasızlıq tutur. Və harada əqlaniyyət varsa, orada boş işlərə yer qalmır. Əmirəlmöminin (ə) buyurur: "Düşünmək – yaxşılığa və ona əməl etməyə çağırır”.

Düşünən insan yaxşılığa tərəf yönələr. Yaxşılığa doğru hərəkət edər. Yaxşı əməllərin yolu düşünmədən keçir. Digər yerdə İmam Əli (ə) buyurur: "Kim düşünsə - gözü açılar”.

Burada xüsusən onu nəzərə almaq lazımdır ki, Allahımız – səxavətlilərin ən Səxavətlisidir. Məhz bu xüsusiyyətinə and veririk Allahın ki, bizlərə bu mənəvi qidalardan dadızdırsın. Gözü açıq olmağı, yaxşılığa doğru irəliləməyi Allahdan diləyirik.

Düşünmək məsələsinə toxunduqda, burada məlumatlılıqla bağlı mvzunu fərqləndirək lazımdır. İmam Əlidən (ə) nəql edirlər: "Heç bir bilik düşünmək qədər deyil”.

Yəni, bir var məlumata malik olmaq, bilgiyə malik olmaq, bir də var düşünərək, təhlil edərək, zehindən keçirərək hansısa əqli məhsul əldə etmək. İmam Həsən (ə) buyurur: "Düşünmək – bəsirət sahibinin ruhunu diri saxlayar”.

Bir kəs ki, qəlbi yüksəlişdədir – bu vəziyyətini, bu durumunu saxamağın zəruri şərtlərindən biri – düşünməkdir. Düşümədən, anlamadan, təhlil etmədən bəsirət halının insanda olması müşkül məsələdir. İmam Həsən (ə) yenə də buyurur: "Sizə İlahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki, düşünmək – bütün yaxşılıqların ata-anasıdır”.

Təqvaya riayət etməklə, təqvayla yanaşı, düşünmək, təhlil etmək, təfəkkür etmək – kamil insan olmağın yolunda mühüm addımlardır. İlahi rəngə bürünmək – dil Allah istəyən kimi, göz Allah istəyən kimi, qulaq Allah istəyən kimi olsun. Addımlar Allah istəyən yerə getsinlər. Vücud – Allah istəyən durumda olsun. Və bunlar düşünməklə olduqda, davamlı olur.

Düşünməyə təsir edən amillər sırasında bir çox ünsürlərlə yanaşı, pəhrizkarlıq da göstərilir. Əmirəlmöminin (ə) buyurur: "Yeməyi az olanın düşüncəsi saf olar”.

Mübarək Ramazan ayında bu mənəvi qidadan istəməyin əsl məqamıdır. Ən gözəl fürsət var bu mənəvi qidanı əldə etmək üçün. Digər yerdə İmam Əli (ə) buyurur: "Daima qarnı doyuzduranın düşüncəsi necə saf və təmiz olar?!”.

Deyilən bu hal mane olur insanın düşüncəsinin saf və təmiz olmasına. Bu baxımdan mübarək Ramazan ayı öyük imkanlar təqdim edir insanın pəhrizkarlıq ovqatını əldə etməsi üçün.

NƏDƏN UZAQ OLMAQ? NƏYİ XATIRLAMAQ?

Mübarək Ramazan ayı boyu, sonadək ibadət amili davam edir. Ayın müxtəlif günlərində dəfələrlə müxtəlif formalarda təkrarlanan 2 mühüm nöqtə vardır. Birincisi - uzaq olmağı istəməklə bağlıdır. Nədən uzaq olmaq? Boş, bihudə işlərdən. Xətalardan, səhvlərdən. Asi olmaqdan, günah işlətməkdən. Və bu uzaqlığın vücuda dərin kök salmış formada olması istənilir. Bir mələkə formasında – dərin surətdə qəlbə hopmuş olaraq istənilir.

İkincisi xatırlamaqla bağlıdır. Davamlı olaraq Onu xatırlamaq durumunu istəyirik Allahdan. Davamlı olaraq Allahı xatırlamaq - insanı günahlardan uzaq edər. Boş-boş işlərdən çəkinər insan. Bu da, insanın ümumi durumu ilə yanaşı, ibadətin keyfiyyətinə də müsbət təsir göstərir.

Allah yolunu azmışların yolgöstərənidir. Ramazan ayında Allah Təala bəndələrini ziyafətə çağırmışdır. Və bu ziyafətdən götürülə bilinəcək ən gözəl pay – məhz yolu tapmaqla və bu yolda sabitqədəm olmaqla səciyyələnir.

Allahı yad etməklə bağlı əziz Peyğəmbərimizdən (s) nəql edirlər: "Allahdan qafil olanların arasında Allahı yad edən kəs, fərarilərin arasında döyüşən şəxs kimidir”.

Necə bəzi insanlar döyüşdən qaçaraq, fərarilik etduyu kimi, Allahdan qafil olanlar da bəndəlikdən fərarilik ediblər. O şeyi ki, bəndə olaraq etməlidirlər – etmirlər. Bəndəliyini edən isə döyüş meydanında vəzifəsini əda edən döyüşçü kimidir. O, Allah dərgahında mövcudiyyətini təsbit edib. Allahdan istəyimiz budur ki, bizləri həqiqi mənada qəflətdən çıxıb, Onu yad edənlərdən qərar versin.

Digər hədisdə Rəsuli-Əkrəmdən (s) belə nəql edirlər: "Allahı yad etmək – qəlblərin şəfasıdır”.

Xəstə qəlblər, məriz qəlblər bu ayda müalicə olunarlar. Allahdan sağalmaq istəmişik bu ayda. Dirilik istəmişik. Allahı davamlı yad etmək istədikdə, dolayısıyla qəlbimizin şəfasını istəmişik. İstəyimiz odur Uca Yaradandan ki, bu ayda qəlblərimizin tam müalicəsini bizə inayət etsin.

İmam Əli (ə) buyurur: "Daim Allahı yad etmək – qəlbi və düşüncəni işıqlandırar”.

Dinimiz dəqiqi düstur verir: qəlbinin və düşüncənin işıqlanmasını istəyirsənsə - Allahı yad et. Həqiqi işıqlıq, həqiqi aydınlıq bu zaman olacaq. Qəlblər oyanar, qəlblər dirilər, işıqlı olar Allahı yad etməklə. Düşüncə, təfəkkür oyanar, işıqlı olar Allahı yad etməklə. Allah Təala cəmimizə bu işığı nəsib etsin!
BÖYÜK İNSANLARLA DOSTLUQ

Mübarək Ramazan ayının dualarının bir qismi insanlarla münasibətə bağlıdır. Əgər əvvəlinci günün dualarında fərdi yüksəlişlə, fərdi islahatla bağlı məsələlər önə çıxırsa, sonrakı dövrdə sanki xüsusi məsələlər, xüsusi mənəvi qidalar var ki, daha çox insanın digər insanlarla münasibətini tənzimləməyə aiddir. Mübarək ayın bəyənilən əməlləri arasında yetimə qayğı xüsusilə təkid olunmuşlardandır. Ehsan vermək üçün imkanın olması kimi nöqtələr vurğulanır. Salamı verməkdən tutmuş, ünsiyyətə aid digər məsələlər də mübarək ayın dualarında öz əksini tapmışdır. Ayrıca olaraq, ləyaqətli, şəxsiyyətli, yüksək mənəviyyat sahibləri ilə ünsiyyət məsələsi də bu dualarda vurğulanır. Mübarək ayın günlərinin mənəvi qidalarının insan üçün hədəfi odur ki, bir növ mələkəyə çevrilsin, vücuduna hopan bir xüsusiyyət şəklini alsın.

Yetimlərə nəvazişə gəldikdə, burada toplumun ən zəif və müdafiəsiz nümayəndələrinə, toplumun valideynsiz bir hissəsinə olan mehribançılığın institusional təşkilindən gedir söhbət. Bunula yanaşı, istər salamın aşkar verilməsi, istər yeməyin bölüşdürülməsi, ehsan verilməsi – toplumda olan yanlış ənənələri dağıtmaqla yanaşı, əslində insanlararası münasibətlərin sağlam əsasda qurulmasına yönəlmişdir.

Ləyaqətli insanlarla ünsiyyətin mühümlüyünə gəldikdə isə, burada mühitin insanın formalaşmasında və inkişafında olan roluna işarə edilir. İnsan kimlərlə ünsiyyət saxlayırsa, nəticədə özü də o cür olur. Məhz mühit insanların keyfiyyətliliyini müəyyən edir. Həzrət Peyğəmbər (s) buyurub: "Ən xoşbəxt insan – böyük insanlarla dostluq edəndir”.

Burada "böyük insanlar” – malı, pulu çox olan, yaxud vəzifə sahibi olan deyil. Təbii ki, inancımız xoşbəxtliyi belə insanlarla ünsiyyətdə görmür. Böyüklük – insanilik baxımından, şəxsiyyət baxımından, mənəviyyat baxımından, Allaha bəndəlik baxımındandır. Ən xoşbəxt insan o kəsdir ki, həqiqi mənada böyük insanlarla yoldaşlıq edə. Mənəviyyatlı, nurani insanlarla yoldaşlıq edə. Bu, ona görə xoşbəxtlikdir ki, həm bu dünyada, həm axirətdə insana nicat verər. İnsanı behişt əhlidən edər.

Əmirəlmöminindən (ə) nəql edirlər: "Ən böyük düzgünlük və mənfəət – ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdir”.

İmam Əli (ə) məntiqinə görə, həqiqi mənfəət – dəyər sahiblərilə edilən yoldaşlıqdır. Bu yoldaşlıq insanı yaxşı yerlərə aparıb çıxarar, pis aqibətdən uzaq edər.

Xeyir aparacağımız, yaxud zərər edəcəyimiz – özümüzdən asılı məsələdir. Hansı insanlarla yoldaşlıq edəcəyiksə, mənfəətimiz də bundan asılıdır.

Bu duaların ünvanı Rəhim və Rəhman olan Allahdır. Allaha tapınaraq, Ona pənah apararaq, Ona sığınaraq bəndə istəyir öz həyatının doğru-dürüst olmasını.

RƏBBİN İSTƏDİKLƏRİ ƏMƏLLƏRİ ONDAN İSTƏMƏK

Mübarək Ramazan ayının dualarında keçən mühüm mövzulardan biri – geniş rəhmətdir. Görürük ki, mübarək ayın əvvəli rəhmət, ortası bağışlanma, sonu – insanın cəhənnəm atəşindən nicat tapmasıdır. Ayın əvvəlinin rəhmət oluması xüsusiyyəti sonrakı günlərdə bir daha vurğulanır, yada salınır. Allah Təalanın geniş rəhmətindən bəhrələnmək dilənilir. Sanki bu rəhmət günlərinin, rəhmət imkanlarının, rəhmət kimi mənəvi fürsətlərinin dərk edilməsi ilə yanaşı, bunların insanın üzərinə yağması istənilir dualarda.

Rəhmətlə yanaşı paralel xətt – dualarda olan hidayət mövzusudur. İnsan Allah Təalanın hidayətinə qovuşmaq istəyir, aydın və qüdrətli dəlilləri ilə hidayət olunmasını istəyir. Allahın hidayəti - əslində hər bir insan üçün yönəlikdir. İnsanın tutumu olmalıdır bu hidayəti qəbul etməyə. Bütün varlıq aləmi, bütün mövcudat aydın dəlillərlə başdan-başa doludur. Bunların fərqinə varmaq, bunları dərk etmək – tutuma bağlı bir mövzudur. İnsan özü öz tutumunu müəyyənləşdirir. Öz hazırlığını özü həyata keçirir. Nəticə etibarilə, bu tutumundan asılı olaraq, hidayət qəbul etmə qabiliyyəti müəyyən edilir.

Bunlarla yanaşı olan üçüncü xətt – Allahın bütün istədiklərini insanın Ondan istəməsidir. Yaradanın istədikləri əməllərin bəndə tərəfindən həyata keçirilməsini istəmək. Mübarək ayın İlahi ziyafətində geniş rəhmətdən bəhrələnmə kimi mənəvi qida var. İmkan var ki, Rəbbin istədikləri əməlləri bəndə yerinə yetirmək iqidarında olsun.

Bütün bunların kökündə - əsas olaraq, Allah Təalanın məhəbbəti götürülür. Bütün istəklilərin ən böyük arzusu olması götürülür. Hər bir şüurlu kəsin, hər bir təklif, vəzifə qəbul edənin, şövqdə olanın əslində ən böyü arzusu – Ona çatmaqdır.

NİCAT TAPAN TƏƏCCÜB DOĞURMUR

Təbərrük üçün İlahi rəhmətin nə qədər geniş olmasına aid olan hədislərə nəzər salaq. İlahi rəhmətin birbaşa olaraq insanı nə qədər əhatə etməsinə olan bu hədislərdən birində Allahın Peyğəbərindən (s) nəql edirlər: "Allahın əmrlərinə itaət etməklə özünüzü Onun rəhmətinə qovuşdurun”.

İlahi rəhmətə qovuşmağın yollarını dərk etmək üçün çox mühüm bir çatdırışdır. İlahi rəhməti əldə etməyin ən qısa, ən rahat və ən dəqiqi yolu budur ki, insan Allahın əmrlərinə riayət etsin. Və mübarək Ramazan ayında insanın edə biləcəyi ən böyük əməl - məhz bu məsələyə diqqət ayırmasıdır. Böyük fürsətlər təqdim edilir mübarək İlahi ziyafət ayında insan üçün. Allah Təalanın buyuruşlarının bəndənin vücudi nicatı üçün həlledici rola malik olmasını anlamaq yönündə olan fürsətlər...

Əmirəlmöminin (ə) buyurur: "Allahın rəhməti, Onu yad etməklə nazil olar”.

Biz nə qədər Allahı yad edəcəyik, nə qədər zikr edəcəyik, nə qədər Allahın bizim üzərimizdə olan inayətinin fərqinə varacağıqsa, o qədər Onun rəhmətindən bəhrələnəcəyik. Birinci göndərişdə əməl etməklə rəhmətə qovuşmaq arasında əlaqə göstərilirsə, ikincidə yada salmağın rəhmətə yetişməkdə əhəmiyyətinə vurğu edilir.

İmam Səccaddan (ə) hər bir bəndə üçün ümidverici bir buyuruş nəql edirlər: "Nicat tapan – o qədər də təəccüb doğurmur. Əksinə, məhv olan kimsə təəccüb doğurur ki, Allahın bu qədər geniş rəhməti olduğu halda məhv olmuşdur”.

Bu təəccüblü deyil ki, bir kəs gələ Allah Təalanın sonsuz rəhmət əhatəsində xilas əldə edə. Heyrət doğuran o insandır ki, bu qədər fürsətin müqabilində Allah buyurduğu hala gəlmir.

Uca Allahdan duamız budur ki, insana olan məhəbbətinə xatir ən geniş rəhmətini, hidayətini bütün istəklilərə aid etsin, inşəallah! Amin!



Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı


Категория: Məqalələr | Просмотров: 949 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz