Qəm qəhrəmanı Xanım Zeynəbi- Kubra (ə) Xanım
Zeynəbi-Kubra (ə) hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-i anadan
olmuşdur. O, Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə)-nın qızıdır. Zeynəb
adını ona babası Muhəmməd Peyğəmbər (s) vermişdir. (Bu adın mənası:
«atasının zinəti» deməkdir). Xanımın tanınmış ləqəbləri bunlardır: Arifə, Muhəddisə və Alimə. Babasının
İslam Peyğəmbəri, atasının İmam Əli(ə) və anası Zəhra(s.ə)-nın ən
şərafətli xanım olması xanım Zeynəbi- Kubranın(s.ə) İslamın buyurduğu
bütün kamil tərbiyyə və əxlaqi keyfiyyətlər abu-havasında böyüməsinə
imkan verirdi. Xanım Zeynəbin (s.ə) elm və ibadətindən söhbət
edəndə ən əsas qeyd edilməli məqam budur ki, Zeynəb (s.ə) Peyğəmbər
elmindən bəhrələnən, Əli (ə), Fatimə (s.ə) ibadətinin hikmətindən
qidalanan bir şəxsiyyətdir. Muhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, «Mən
elmin şəhəri, Əli isə onun qapısıdır». Belə bir möhtəşəm elm şəhərində
ərsəyə çatıb kamilləşmiş, ibadətin ruhiyyəsini öyrəndiyimiz Əhli-beyt
(ə)-dan bu ibadətin hikmətini mənimsəmiş Xanım Zeynəbin (s.ə) elmi,
biliyi, ruhi-mənəviyyatı təsəvvüredilməz yüksəkliklərdə pərvazlanırdı. Həzrət
Zeynəbin (s.ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin
(ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir.
Buna görə də Xanım Zeynəbin (s.ə) həyat tarixini Kərbəlasız təsəvvür
etmək mümkün deyil. Çünki Zeynəb (s.ə) qəhrəmanlığını, cəsarətini,
şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı
dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz (s.ə),
Zeynəbi (s.ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Kərbəla
vaqiəsinə, həmçinin bu hərəkatdan sonrakı dövrə nəzər saldıqda Xanımın
özünə məxsus əzəmətinin şahidi oluruq. Xanım Zeynəb (s.ə) bu
müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət
göstərib mübarizəni davam etdirdi. Xanım Zeynəbin (s.ə) bu dəhşətlərin
qarşısında, tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət,
mətanət və dözümlük simvoluna çevrildi. Aşura günü qardaşı İmam
Huseynin (ə) mübarək cəsədini qolları üstə alıb: «İlahi, bu qurbanı
bizdən qəbul et» deməsi Xanımın Allaha olan bağlılığından,
məhəbbətindən xəbər vermirmi? Aşura faciəsindən sonra əsir
götürülən Peyğəmbər (s) balaları cürbəcür işgəncələrlə Kufəyə
gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların
ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının
başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq
ağlamağa başladılar. Xanım Zeynəb (ə) işarə edib onları sakitləşdirdi.
Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat
göndərdikdən sonra xütbə edərək belə buyurdu: «Ey Kufə camaatı! Ey
hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə
andınıza etibar etmək olar, nə də bağladığınız peymana… Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabı. Ağlayırsınız?! Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız?!... Peyğəmbər
balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin
gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola
bilər?!... Amma bilin ki, Axirət əzabı çətin olacaq. Əgər etdiyiniz
işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah
günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə
qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!» Bu xütbənin təsirindən
sonra qəflət yuxusundan oyanan kufəlilər başa düşdülər ki, Əhli-beytə
qarşı bu böyük cinayətdə onların da əli vardır. Bunlardan da artıq
təəccüb doğuran səhnə Yezidin sarayında baş verən hadisələr idi.
Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam
Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək
fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (s.ə) səsi düşmən
nizələri və zəncirləri arasından eşidilir ki, bu səs Bəni-üməyyənin
(Yezidin nəslinin) yaramaz əməllərini elə ifşa edirki əbədi rüsvay olub
etibarlarını əldən verirlər. Əlbəttə bu işdə İmam Səccadın (ə) sözləri
də böyük rol oynamışdır. Allah xanım Zeynəb (s.ə) vasitəsilə
insanlığa bir daha dirilik bəxş etdi. Yalnız güclü iman, təqva(günahdan
qorunmaq), elm, şücaət sahibi belə bir ağır imtahandan üzü ağ çıxa
bilərdi. Əlbəttə ancaq həqiqi gözəlliyi görən zillətə qarşı bu qədər
müqavimət göstərərdi və təkcə qəmdən və zülmdən parçalanan sinədən
kainatı xilas edən qılınc tək kəsərli bəyan zahir ola bilərdi. Kef
məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər.
Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım
Zeynəbə (s.ə) dedi: «Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi onu nə günə qoydu?» Bu
sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini
heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr
eşidilir: «Mən gözəllikdən başqa bir şey görmədim!» Gərəsən gözəllik
nədir? Al qanla bəzənmiş səhradır, yoxsa göz yaşlarıyla sulanmış kədər
gülüstanı? Bəlkə həqiqi aşiqlərin Allah yolunda cəfasıdır? Həqiqətən
Allah yolundakı haqqı dirçəltməkdən gözəl nə ola bilər? Torpaqlarımızın
böyük bir hissəsi düşmən tapdağı altında olan bir vaxtda gərəkdir ki,
Azərbaycan xanımları da o əziz xanımlar kimi oğullarını, qardaşlarını
qurban verməkdən çəkinməsinlər. Əlbəttə Xanım Zeynəbi (s.ə) özünə örnək
götürən hər xanım heç vaxt zalimə baş əyməzlər (Yəni xarici
istismarçıların təbliği nəticəsində milli mentalitetimizə zidd olan
geyimlər, fikirlər, ideologiya və s.şeylərə abırlarını satmazlar). Beləliklə,
nübuvvət (peyğəmbər) bağçasının bu ətirli çiçəyi zülm tufanının
gözləmədiyi bir dözümlüklə bütün bəlaları arxada qoydu. İndi bu baxçada
bitən minlərlə yeni çiçək ləçəkləri tapdanmış, qəmdən bükülmüş, lakin
həqiqi gözəlliyin və İslamda qadın simasının ən bariz nümunəsi olan qəm
qəhrəmanı Zeynəbi (s.ə) sevgi və göz yaşları ilə xatırlayır və onun
qarşısında azadlıq mücəssəməsi tək baş əyirlər.