Cavab:On iki imamçı şiələrlə
sünnilər arasında bə’zi vacib dəstəmaz hökmlərində fərq var
1. Şiə fiqhində üzü yuxarıdan aşağıya
yumaq vacibdir. Bə’ziləri üzün yuxarıdan aşağıya yuyulmasını ehtiyat hesab
edir.(«Urvətül-vusqa», dəstəmazın əməlləri
fəsli) Amma sünnə əhli yekdil olaraq belə hesab
edir ki, üzü yuxarıdan aşağı yumaq müstəhəbdir.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s. 35, «Əl-fiqh ələl
məzahibil-ərbəə» 1-ci cild, fəraizul vuzu səh. 54. «Səlatul-mumin», əl-Qəhtani,,
Əl-qəhtani c. 1, s.41-42)
2. Bizim fiqhdə qolları (dirsəkdən
aşağı) yuxarıdan aşağıya yumaq vacibdirsə, sünnilər yekdil olaraq bildirirlər
ki, insan əlləri yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya yumaqda azaddır,
eləcə də, aşağıdan (barmaqların başından) yuxarıya yumaq
müstəhəbdir.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s.
35, «Əl-fiqh ələl məzahibil-ərbəə» 1-ci cild, səh. 65. «Səlatul-mumin»,
əl-Qəhtani, Əl-qəhtani c. 1, s.41-42)
3. Bizim fiqhdə başın qabağını məsh
etmək vacibdir. Amma bu barədə sünnilər arasında fikir ayrılığı var. Bildiyiniz
kimi, sünni məzhəbi maliki, hənbəli, hənəfi, şafei olmaqla dörd qrupa
bölünür.
Hənbəlilərin fikrincə, bütün başa
qulaqlarla birlikdə məsh edilməlidir. Onlar qulaqları başa aid edir və bu barədə
rəvayət də göstərirlər.(«Səlatul-mumin»,
əl-Qəhtani, Əl-qəhtani c. 1, s.45)
Hənəfilərin fikrincə, başın dörddə
birini məsh etmək vacibdir.
Şafeilərin əqidəsinə görə, hər nə qədər
olsa başın bir hissəsinə məsh çəkmək vacibdir.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s. 36-37, «Əl-fiqh ələl
məzahibil-ərbəə» 1-ci cild, fəraizul vuzu səh. 53. «Səlatul-mumin», əl-Qəhtani,
Əl-qəhtani c. 1, s.42-46)
Sünnilərin bə’ziləri isə belə hesab
edirlər ki, məsh əvəzinə baş yuyulsa və ya ona su tökülsə, kifayət
edər.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s. 36-37,
«Əl-fiqh ələl məzahibil-ərbəə» 1-ci cild, fəraizul vuzu səh. 53.
«Səlatul-mumin», əl-Qəhtani, Əl-qəhtani c. 1, s.42-46)
4. Şiə fiqhinə görə ayaqların üstünə
məsh çəkmək vacibdirsə, sünnilər yekdil olaraq ayaqların yuyulmasını vacib hesab
edirlər.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s.
36-37, «Əl-fiqh ələl məzahibil-ərbəə» 1-ci cild, fəraizul vuzu səh. 53.
«Səlatul-mumin», əl-Qəhtani, Əl-qəhtani c. 1, s.42-46)
Beləcə, şiələrlə sünnilər arasında dörd
məsələdə fikir ayrılığı var:
1. Biz üzün yuxarıdan aşağıya
yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bizim dəlilimiz
Peyğəmbərin (s) dəstəmazda üzünü yuxarıdan aşağıya yumasını bildirən rəvayət və
imamın (ə) əmrini çatdıran hədisdir: «Üzünüzü yuxarıdan aşağıya
yuyun»(«Vəsailüş-şiə», 15-ci fəsil,
hədis-22).
Sünnə əhli isə bildirir ki, «fəğsilu
vucuhəkum» («üzünüzü yuyun») ayəsi(«Maidə»,
6) üzü yumağı əmr etmiş və yuxarıdan aşağıya
yumaq məsələsinə toxunmamışdır. Onların fikrincə, üzün necə yuyulması barədəki
rəvayətlər bu hökmü vacib yox, müstəhəb edə bilər.
2. Biz əlləri yuxarıdan aşağıya
yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bu hökm üçün
dəlilimiz həzrət Peyğəmbərin (s) dəstəmazda əllərini yuxarıdan aşağıya yumasını
nəql edən rəvayət və imamın (ə) uyğun ayənin təfsiri zamanı bir buyuruğudur:
«Əllər yuxarıdan aşağıya yuyulmalıdır.»(«Vəsailüş-şiə», 19-cu fəsil, hədis-1)
3. Biz başa məsh edilməsini vacib və
müəyyən bilirik. Sünnilər isə hətta öz aralarında bu barədə fərqli
əqidədədirlər. Başın qabaq hissəsinin bir miqdarına məsh çəkilməsi barədə
rəvayətlərdən birində Zürarə imam Baqirdən (ə) soruşur: «Başın və ayaqların bir
hissəsinə məsh çəkilməsini haradan bilirsiniz?» İmam buyurur: «Ey Zürarə bu
hökmü Allahın Rəsulu (s) buyurmuş və bu barədə ayə nazil olmuşdur. Allah
«üzünüzü yuyun» buyurduqdan sonra sözünə davam edərək «başınıza məsh edin» əmr
etmişdir. «Bi ruusikum» kəlməsinin əvvəlindəki «bi»–hərfindən başa düşürük ki,
məsh başın bə’zi hissəsinə aiddir.»
Beləcə, ayənin özündən də mə’lum olur
ki, başın bir hissəsinə məsh vacibdir. Amma sünnə əhli uyğun ayəni fərqli
anladığından öz aralarında ixtilafa düçar olmuşlar. Onlardan bə’ziləri belə bir
rəvayət nəql edirlər ki, həzrət Peyğəmbər (s) əlini qabaqdan arxaya və təkrar
arxadan qabağa gətirməklə bütün başa məsh çəkirmiş.(«Səhihe-Buxari», h.185, Səhihe-Müslim, hədis-235) Başqa bir rəvayətdə isə qulaqların da başdan hesab edildiyi
bildirilir.(«Səlatul-mumin, əl-Qəhtani», cild -1,
s.45) Digər bir rəvayətdə isə şəhadət (səbbabə)
barmağın qulağa daxil edilib, orta barmağı qulağa çəkmək lazım
bilinir.«Səlatul-mumin, əl-Qəhtani», cild -1,
s.42 Amma bu hökm müstəhəb hesab
edilir.
Uyğun ayədən görünür ki, üzün yuyulması
ilə başa məsh çəkilməsi arasında əsas fərq «bi»-hərfidir. Sünni alimlərindən bir
çoxu «bi» hərfini «bə’zi» mə’nasında qəbul etsələr də, bə’zi alimlər həmin
mə’nanı təsdiq etmirlər.(«Əl-fiqh ələl
məzahibil-xəmsə», c. 1, s. 65)
4. Şiələr ayaqlara məsh çəkilməsini
vacib bilirlərsə, sünnilər yekdil şəkildə ayaqların yuyulmasını vacib hesab
edirlər.
İstinad etdiyimiz ayəyə bir daha nəzər
salaq. «Maidə», 6: «ya əyyuhəlləzinə amənu iza qumtum iləs-səlati fəğsilu
vucuhəkum və əydiyəkum iləl-mərafiqi vəmsəhu biruusikum və ərculəkum
iləl-kə’bəyn.» Ayənin tərcüməsi: «Ey iman gətirən kəslər namaza durduğunuz vaxt
üzünüzü və dirsəyədək əlinizi yuyun; başınıza və dikinədək ayağınıza məsh
çəkin.» Şiələr ayəni yuxarıdakı kimi tərcümə etmişlər. Amma sünnilər belə hesab
edirlər ki, «yuyun» əmri baş və ayağa da aiddir. Ona görə də ayəni belə tərcümə
edirlər: «Üz və əllər kimi ayaqlarınızı da yuyun.» Cavab olaraq deməliyik ki,
ayədə yuyun əmri yalnız üz və əllərə aiddir. Ərəb dilinin qrammatikasından
xəbərdar olanlar deyilənləri daha yaxşı anlaya bilərlər. |