Şuşa bizə lazımdı? (Nostalji)
1988-ci
ildə Ermənistandan Azərbaycana pənah gətirənqaçqınlar, onların
ermənilərin vəhşilikləri haqqında söhbətləri SSRİ təfəkkürünə malik
xalqda şok yaratdı. Amma bir müddət keçdi, emosiyalar səngidi, bir növ
bu aqibətimizlə barışdıq. Sonra bəlaların ardı gəldi. Hər dəfə də qısa
zaman kəsiyinə ehtiyac var idi ki, xalq barışsın bu bəlalarla. Şuşanın
işğalı da artıq "həzm edilib”. Özü də əsaslı surətdə. Hər gün də
"Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsi davam edir”
sözlərini təkrarlamaq bu həqiqəti dəyişmir. Sözlə əməl arasında vəhdət
yoxdursa, deməli deyilən sözlər artıq qəlblərdə təsir buraxa bilməz.
Çünki artıq onlara adi hava titrəyişi kimi yanaşılır.
Mayın 8-də Şuşanın işğalından 18 il ötdü. Əslində, çox əlamətdar bir
rəqəmdi. Məhz 18 yaşına çatan gənclərimiz ordu sıralarına çağırılırlar.
18 yaş artıq kişilik məktəbini keçmək bir zamanıdır. Və geridə
buraxdığımız bu 18 ildə neçə-neçə vətəndaşımız orduya yeniyetmə
gedərək, kişi qayıdıb. Hər halda, nəzəri cəhətdən bu belə olamlıdır.
Ona görə nəzəri ki, bu 18 ildə Şuşanı geri qaytara bilmədik. 1994-cü
ildən sonra isə bunun üçün hətta bir güllə də atmadıq. Elə başımızı
danışıqlarla girlədik. Bütün dünya anladı ki, bu yolla Şuşanı geri ala
bilmərik. Amma biz anlamaq istəmədik. Çünki anlamaq sərf etmədi bizə.
Çünki anladığımızı etiraf etsəydik, iki yolumuz qalırdı: ya gərək
əlimizə silah alıb kişi kimi torpaqlarımızın azad edilməsi üçün
mübarizəyə qalxaydıq, bir qismimiz şəhid, bir qismimiz qazi, bir
qismimiz isə qalib olaydı, da ki, papağımızı çıxarıb ataydıq
sərhədlərimizdən o yana. Üçüncü variant yox idi və elə indi də yoxdu.
Odur ki, özümüzü vurduq bilməməzliyə. Bu bilməməzliyə vurmaqla
papağımızı qoruya bildik, ya yox - söyləmək çətindi. Amma Şuşanı azad
edə bilmədik - bu tam dəqiqdi.
Artıq 18 ildir Şuşasızıq. Hər əlamətdar gündə, hər təm-təraqlı
məclisdə, hər Novruz tonqalı ətrafında dövrə vuranda şablon bir ifadəni
eşidirik: "İnşallah, gələn il bu bayramı Cıdır Düzündə keçirərik”. Belə
getsə, bu ifadəni hələ çox eşidəcəyik. Çünki «inşallah» demək yaxşı
şeydir. Amma bu sözü dedikdən sonra əməli işə keçmək lazımdır. Biz isə…
Dedik də, özümüzü vurmuşuq bilməməzliyə, görməməzliyə. Şuşa isə düşmən
tapdağındadı. Artıq 18 ildir. İşğal "yetkinlik yaşı”na çatdı. Əlamətdar
gün olsa da, bir xalq olaraq biri-birimizi təbrik edə bilməyəcəyik.
Yeri gəlmişkən, Şuşanın işğal günü nə gül bayramına, nə də Azərbaycanın
"incəsənət xadimlərinin” İsraildəki konsertinə mane olmadı. Daha
özümüzə nə deyək? Bizə Şuşa lazımdı?
Islam-Azeri.az |