Bazar, 22.12.2024, 08:44
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 18 » ŞÜBHƏ DOĞURAN SUALLAR
15:48
ŞÜBHƏ DOĞURAN SUALLAR
 Sual 1: Allahın varlığı ehtimal deyilmi?
Cavab: Əvvəla, məsələnin belə qoyuluşu müşahidələrimizə uyğun deyil. İkincisi, istənilən bir dində allahşünaslıq bəhsinə müraciət olunsa, uyğun yanaşma rədd edilər. Üçüncüsü, məgər bəşəriyyətə Allah kəlamını gətirmiş peyğəmbərlər bu məsələni sübuta yetirməmişlərmi?! Dördüncüsü, heç bir ilahiyyat məktəbində Allahın varlığını sübuta yetirmək üçün əvvəlcə ehtimal etməmişlər. Sadəcə, belə deyilmişdir: "Əgər Allah olmasa, kainatın obyektiv nizamlı quruluşu necə izah olunar?!
Hər halda, Allahın varlığını ehtimal edənlər zəngin İslam kitabxanasının allahşünaslıq bölməsinə müraciət edə bilərlər.

Sual 2: Allahı tanımaq üçün bir yol varmı?
Cavab : Allahı tanımaq üçün üç yol var:
1. Qəlb və ya fitrət yolu. Yəni hər bir insan öz yaranışına və ruhuna rəğmən Allahı tanıyır. Məsələn, ariflər fitri imanın gücünə inandıqlarından bu qüvvəni artırmaq üçün çalışmışlar. İnsanda belə bir qüvvənin varlığına əmin olmaq üçün iki yol var: öz vücudunu təcrübədən keçirməli; uzun illər insan psixologiyası ilə məşğul olmuş alimlərin mövqeyi ilə tanış olmalı.
2. Hiss və elm yolu. Bu yol öz növbəsində üç qola ayrılır:
−Kainatın quruluşundakı nizam;
−Mövcudları həyat yolunda tə`limatlandırma;
−Dünyanın yaranışı.
3. Əql və ya fəlsəfə yolu. Bu yol çətin olsa da, Allahı tanımaq üçün ən yaxşı yoldur.

Sual 3: Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü tanımalıdır. İnsan özünü necə tanıya bilər?
Cavab : Həzrət Əli (ə) buyurur: "Özünü tanıyan Allahını tanımışdır”
Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da "hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır. "Rum” surəsinin 30-cu ayəsində buyurulur:”Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”
Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Qur`anda oxuyuruq: "Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.”
Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.

Sual 4: Nə üçün öz fitrətimi tanımağa maraqsızam?
Cavab: Əsasən, dörd səbəb göstərə bilərik:
1. Unutqanlıq, qəflət (nisyan). Qur`an buyurur: "Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.”
Bu və ya digər ayələrdən aydın olur ki, kafirlər də ilk əvvəl Allahı tanımışlar. Amma küfrə düşdükdən sonra Onu yaddan çıxarmışlar.
2. Dünyaya vurğunluq. "Ənkəbut” surəsinin 65-ci ayəsində oxuyuruq: "Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.” Demək, başqa şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz tutur. Amma ətrafındakı dünya ne`mətləri onu yuxuya verir.
3. Rifah və asayiş. Allah-təala buyurur: ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.” Ayədən mə`lum olur ki, bəlaya düşmüş insanın fitrəti oyanır. Kübar həyat, ifrat rahatlıq insan fitrətini yuxuya verən əsas amillərdir.
4. Şeytanla dostluq. "Nisa” surəsində oxuyuruq: "Şeytan dedi: "Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”
Sual 5: Bir olan Allahı (tövhid) və ölümdən sonrakı həyatı (məad) anlamaq mümkündürmü?
Cavab: Bundan ötrü bir neçə yol var və bu yolların ən mühümü insanın özü haqqında düşünməsidir.
Qur`an buyurur: "Biz öz qürət nişanələrimizi həm ətraf aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.”
Bəs insan özü haqqında nə düşünə bilər? Bu düşüncələri iki qismə bölmək olar. İnsan ilk əvvəl öz vücudunun xüsusiyyətlərini düşünməlidir.
Biz kimik? − ilk sual bu olmalıdır. Azca araşdırmadan sonra görəcəyik ki, insan təkcə maddi cismdən ibarət deyil. İnsanı başqa yaranmışlardan fərqləndirən onun cismi yox, ruhudur.
Düşüncələrin ikinci qismini insanın "öz” aləminə, ruhunun dönəcəyi Allaha doğru səfər təşkil edir.
Bu düşüncələri səfərə çıxan dənizçinin düşüncələri ilə müqayisə etmək olar. O, əvvəlcə gəmi ilə, sonra isə gedəcəyi yol ilə tanış olur.
Demək, tövhid və məadla tanışlıq yolu insanın "mən”-indən keçir.

Sual 6: Allah insanın ibadətinə möhtacdırmı? Belə olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
Cavab: Əgər imkanlı bir şəxs möhtac bir insana kömək etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu möhtac hesab etmək olmaz.
Biz insanlar Allahın hidayətinə, yə`ni bizi doğru yola yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül isə ibadət vasitəsi ilə gerçəkləşir.

Sual 7: Allah özü kimisini vücuda gətirə bilərmi?
Cavab: Allahın qadir olması o demək deyil ki, O, ikinci bir Allahı yaratmalıdır. Bə`zi işlərin qarşısını alan acizlik yox, məntiqsizlikdir. Allah faydasız iş görməz. Əgər desək ki, Allah "2”-ni "3”-dən böyük edə bilməz, doğru olmaz. Çünki bu iş Allahın hikmətinə ziddir.

Sual 8: Nə üçün bə`zi insanlar kor, kar və lal yaradılmışdır?
Cavab: Əvvəla, Allah bütün yaratdıqlarını ən gözəl şəkildə yaratmışdır. Amma yaranışa gözəllik verən ondakı nizam, qayda-qanunlardır. Bu qanunlara qarşı yönəlmiş istənilən bir hərəkət insan üçün faciə ilə nəticələnir. İnsanları vaxtında mənzilə çatdırmaq üçün müxtəlif nəqliyyat vasitələri fəaliyyət göstərir. Əgər bir şəxs relslərin üzərinə çıxıb, qatarın altında qalırsa, bu faciə nəqliyyat şəbəkəsinin ünvanına yazılmamalıdır.
Bəli, maddi dünyamızda hökm sürən qanunlar ona qarşı çıxanları cəzalandırır. Hər şeyi gözəl yaratmış Allah, faciələr törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur. Bununla belə, insanın düşdüyü çətinliyin arxasında sınaq məqsədi də ola bilər. İmam Riza (ə) buyurur: "Mö`minin xəstəliyi onun günahlarını yuyur. Bu xəstəliklər kafir üçün əzab və lə`nətdir.”
Sual 9: Dinin əsaslarına inanaraq, dini göstərişlərə əməl etməli olduğumu bilirəm. Amma inam məsələsində şübhəyə düşdüyümdən əmələ münasibətdə süst olmuşam. Nə edim?
Cavab: Bilməlisiniz ki, dinə münasibətdə yaranan şübhələrin banisi şeytandır. Şeytana qarşı bir neçə yolla mübarizə aparmaq olar.
Rəvayətlərdə buyurulur: "Əgər şeytana baş qoşmasanız, ona maraq göstərməsəniz, bir daha sizə tərəf qayıtmaz.” Demək, insan əlindəki işə məşğul olub, şeytanın pıçıltılarına məhəl qoymasa, ondan yaxa qurtara bilər.
"Furqan” surəsinin 77-ci ayəsində buyurulur: "De ki, əgər duanız olmasa Allahım sizə e`tina etməz.” İnsan şeytandan amanda qalmaq üçün Allaha üz tutmalı, Əhli-beytdən kömək istəməlidir.
Şeytan qafil insanları ovladığından daim Allahı zikr etməli, Onu yaddan çıxarmamalıyıq. İmam Sadiq (ə) buyurur: "Qəflət şeytanın ovlağı, bütün bəlaların köküdür.”
Unutmaq olmaz ki, qəfləti doğuran da şeytandır.
Yuxarıda deyilənlərə əməli münasibət göstərsəniz, uyğun şübhələrdən uzaqlaşmaq olar.

Sual 10: Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq olarmı?
Cavab: Əvvəla, insan nə üçün yaşadığını bilməlidir. Dünyada baş verənlər yalnız düzgün hədəfi olmayan insanları bədbinləşdirir. Ləzzət və şəhvət üçün yaşayan bir insan, əlbəttə ki, bədbin olasıdır. Əslində isə həyatımızın bir hissəsi olan ləzzət və şəhvət həyat idealı deyil. Ümumiyyətlə, qeyd olunan ümidsizlik həyatın ölümlə bitdiyini güman edən insanlara aiddir.
Ölümdən sonrakı həyata inam insanı yaranış məqsədi ilə tanış edir və bütün ümidsizliklərin üstündən xətt çəkir.
Bunu da qeyd etməliyik ki, elə dünyadakı müharibə və fəsadları törədənlər də axirət həyatına inanmayanlardır.



Sual 11: Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər?
Cavab: Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh "bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin əlaqəyə əsaslanır. Qəbir əzabı dedikdə torpaqda basdırılmış cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür. Amma qəbirdəki cəsədlə əzab çəkən bərzəx bədəni arasında zəif də olsa əlaqə var.

Sual 12: Bərzəx bədəni maddidirmi?
Cavab: E`tiraf etməliyik ki, dünyəvi elmlər belə suallar qarşısında tam acizdir. Əslində insan təfəkkürü bir çox həqiqətlər qarşısında kəsərsizdir. Uyğun məsələlər haqqında yalnız az saylı övliyalar mə`lumata malikdirlər. Amma Qur`an ayələri və rəvayətlərdən bə`zi qənaətlərə gəlmək olar.
Əvvəla insan heç bir dünyada bədənsiz olmur. Ruh varsa, onun gəzdiyi bədən də var. Amma dünya ilə bərzəx aləmi, bərzəx aləmi ilə axirət dünyası arasında fərqlər var. Hər aləmin öz xüsusiyyət və qanunları olduğundan, həmin aləmdə də ruhu daşıyan bədən səciyyəvi xüsusiyyətlərə malikdir.
Rəvayətlərdə bildirilir ki, bərzəx bədəni dünyəvi bədənə oxşayır. Amma bu bədən daha kamildir. Qiyamət bədəni isə bərzəx bədənindən üstündür. Bərzəx bədəninin də forması, çəkisi və ölçüsü var. Dünyasını dəyişmiş insan başqa bir ölü ilə rastlaşdıqda onu tanıyır. Bir sözlə, dünyəvi bədənə oxşayan bərzəx bədənini dünyəvi bədən tipində maddi hesab etmək olmaz.



Sual 13: Doğrudurmu ki, ölülər cümə günü azad edilir?
Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir.
İshaq ibn Əmmar imam Kazimdən (ə) "mö`minin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: "Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Mö`minlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.”
İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən də mö`minin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.”

Sual 14: Dünyasını dəyişmiş insanın ruhu yeni doğulmuş uşağa keçə bilərmi?
Cavab: "Tənasüx” adlanan bu məsələ ciddi elmi mübahisə mövzularından biridir. Ruhun bir bədəndən o birinə keçməsi, ölmüş insanın başqa bir şəkildə dünyaya qayıtmasının mümkünlüyü çoxlarını düşündürür.
Tənasüx iki növdür: ruhun maddi bədəndən maddi bədənə keçməsi və ruhun maddi bədəndən "misali” qəlibə düşməsi.
Misali bədən insanın dünyada öz əməlləri ilə yaratdığı bir qəlibdir.
İslam dini maddi tənasüx məsələsini qəbul etmir. Ayə və rəvayətlərə əsasən hər bir varlıq təkamül yolu keçdiyi kimi, ruh da daimi hərəkətdədir. Bədəndən ayırılmış ruhun özünə uyğun olmayan yeni doğulmuş bədənə keçməsində ziddiyyət mövcuddur.
Ruh o bədəndə ola bilər ki, bu bədən onun təkamül pilləsinə uyğun gəlsin. Əgər İslam ruhun bərzəx bədəninə keçməsini qəbul edirsə, demək bərzəx bədəni ruhun təkamül səviyyəsinə uyğun bir bədəndir. Demək, tənasüxün ikinci növü bizim üçün məqbuldur.

Sual 15: Ölümdən sonrakı həyat bütün canlılar üçündür, yoxsa təkcə insan üçün?
Cavab: "Rum” surəsinin 11-ci ayəsində buyurulur: "Allah məxluqatı əvvəlcə yaradır, (öləndən) sonra yenidən dirildir.” Bu və digər ayələrə əsasən Allah bütün yaratdıqlarını öz hüzuruna qaytarasıdır. Məad, yə`ni ölümdən sonra dirilmə həm cismə, həm də ruha aiddir. Ruhun təkamülü baxımından insan digər canlılardan fərqlənir. Ona görə də ölümdən sonrakı dirçəlişdə insan ön pillədə dayanır və onun yenidən dirilməsi daha çox əhəmiyyət kəsb edir.

Sual 16: Əgər Allah varlıq aləmini mərhəməti səbəbindən yaratmışsa, cəhənnəm nə üçündür?
Cavab: Yaranışda məqsəd behişt və cəhənnəm yox, Allaha doğru hərəkətdir. Allahın həm rəhmət, həm də qəzəb sifətləri var. Behişt Allahın rəhmət sifəti, cəhənnəm isə Onun qəzəb sifətinə doğru hərəkətin mənzilidir. İtaət edən insan Allahın mərhəməti, tüğyan qoparan insan isə Onun qəzəbi ilə qarşılaşır. Demək, behişt və ya cəhənnəmi seçən insan özüdür. Əgər bir şəxs günəşin nurundan gizlənib, özünü zülmətə salırsa günəşi qınamamalıdır.

Sual 17: Başdan-ayağa günah içində olan müsəlman behiştə daxil ola bilərmi?
Cavab: Rəvayətlərə əsasən günahları küfr və şirk həddinə çatmamış müsəlman günahları yuyulanadək əzab çəkdikdən sonra behiştə daxil olar. Mə`sumlar (ə) buyururlar ki, günahkar mö`minlər bir gün cəhənnəmdən çıxasıdırlar. Amma belə bir və`d insanı arxayınlaşdırmamalıdır. Günahkarlığın sonu küfr və şirkdir. Günahkar küfr və şirklə qəfildən rastlaşır. Bu görüşdən sonra geriyə dönüş çətinləşir və həmin halda ölən kəs əbədilik cəhənnəm əhli olur.

Sual 18: İnsan behiştdə də doğub-törəyirmi?
Cavab: Allahın yaratdığı hər aləmin öz qanunları var. Dünya və axirət qanunları bir-birindən fərqlənir. Məsələn, bədən dünyada yanmaqla məhv olursa, axirətdə heç bir tə`sir insanı yox etmir.
Ayə və rəvayətlərdən mə`lum olur ki, qiyamət astanasında dəhşətli zəlzələlər qopur, dənizlər parçalanır, dağlar uçulur, günəş və ulduzlar sönür, bir sözlə, dünyanın nizamı pozulur.
Əgər Qur`anda deyilirsə ki, behiştdə pak zövcələr var, demək, həmin zövcələr dünya qadınlarından tam fərqlənir. Bu zövcələr aylıq adət kimi xüsusiyyətlərdən kənardırlar. Dünyada bu xüsusiyyətlərdən məhrum qadın ana ola bilmir. Behiştdə övladlar da dünyadakı övladlar kimi deyil. Əgər dünyada hər bir istək tədricən həyata keçirsə, behişt əhlinin istəyi dərhal yerinə yetir. Qur`an buyurur: "Orada sizin üçün istədiyiniz hər şey var.” Əgər insanın istəyi dərhal həyata keçirsə, bətndə doqquz ay uşaq gəzdirmək məntiqsiz görünür.

Sual 19: Mə`sum imamlar adi insanlardan nə ilə seçilir?
Cavab: Mə`sumlar özlərini "insanlardan üstün yox, insanların üstünü” kimi tanıtdırmışlar. Böyük peyğəmbərlər müxtəlif məqamlarda buyururlar: "Biz də sizin kimi bir bəşərik.” Onlar başqaları kimi zəhmət çəkmiş, ruzi qazanmış, yorularkən istirahət etmiş, acı hadisələrdən qəmlənmişlər.
Mə`sumluq (günahsızlıq) insanın öz ixtiyarındadır. Əgər bu xüsusiyyət vergi olsaydı hansı əsasla imamlar ideal seçilməlidilər?! Qur`an buyurur: "Əgər yer üzündə gəzib dolaşanlar mələklər olsaydı, şəksiz, onlara mələk peyğəmbər göndərərdik.” Ayədən məlum olur ki, yer üzündə yaşayan insanlara  onların özləri kimi peyğəmbər göndərilmişdir.
Allah peyğəmbər və imamların başqalarından üstünlüyünü əvvəlcədən bildiyi üçün onlara öz elmindən verərək başqaları üçün nümunə etmişdir.
Biz şiələr mə`sum bildiyimiz on dörd nəfəri (Həzrət Məhəmməd (s), həzrət Fatimə (ə) və on iki imam.) yalnız günahdan yox, həm də ən kiçik nöqsanlardan pak bilirik. Günahdan uzaqlıq isə bütün çalışanların çata biləcəyi bir məqamdır.
Sual 20: Mə`sumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər?
Cavab: Mə`sumlar (ə), sonra isə övliyalar yalnız Allahı sevdiklərindən qəlblərində dünya məhəbbətinə yer qalmayıb. Dünyaya bağlılıq insanı qəflətdə saxlayıb, onu Allahdan uzaqlaşdırdığı üçün mə`sumlar və övliyalar öz dualarında bu bağlılıqdan uzaqlıq istəmişlər.
İmam Hüseyn (ə) Ərəfə günü belə dua edir: "Allahım, məni dünya bağlılıqlarından qoru”. İmam Səccad (ə) belə dua edir: "Ey Rəbbim, qəlbimizi zikrinə, dilimizi şükrünə, bədən üzvlərimizi itaətinə məşğul et”. Mə`sum imamların (ə) duaları bizə öyrədir ki, insan daim dünya bağlılığından qorxmalı və bu tələyə düşməmək üçün Allahdan yardım istəməlidir.

Sual 21: Həzrət Adəm qadağan olunmuş meyvəni ixtiyari şəkildə yedi, yoxsa qeyri-ixtiyari?
Cavab: Bizim əqidəmizə görə bütün peyğəmbərlər, eləcə də, həzrət Adəm (ə) bir işi görüb- görməməkdə azad olmuşlar. Həzrət Adəm azad olmasaydı, ya Allah ona əmr etməz, ya da o bu əmrdən çıxmazdı. Adəm bu əmri azad şəkildə pozduğu üçün cəzalandırılır və tövbə edir.
Hər hansı bir işə məcbur edilən insan bu işin məs`uliyyətini daşımır. Məcburi işə görə tövbə də zəruri deyil.

Sual 22: İslam Peyğəmbərinin (s) me`racı (göyə qalxıb qeyb aləmini müşahidə etməsi) elmi və əqli baxımdan necə sübut olunur?
Cavab: Me`rac hadisəsinin isbatında ağıl acizdir. Bu vaxtadək kimsə belə bir iddiada olmamışdır. Me`rac məsələsi nəqli yolla sübuta yetir. Yə`ni Qur`an ayələri və rəvayətlər həzrət Peyğəmbərin (s) me`racını qəti şəkildə bəyan edir.
Amma me`racın ağıla sığıb-sığmadığı təbii bir sualdır. Ruhun və cismin xüsusiyyətlərini diqqətlə nəzərdən keçirsək, me`rac hadisəsini mümkün hesab edərik.
Peyğəmbərin (s) me`racı üç hissə olub: Məscidül-həramdan (Kə`bə) Məscidul-əqsayadək ("İsra” mərhələsi), Beytül-müqəddəsdən (Məscidul-əqsa) bərzəx aləminədək ("Me`rac” mərhələsi) və səmalardan ötməklə qeyb aləminin müşahidəsi. ("Ə`rac” mərhələsi)
Həzrət Peyğəmbər (s) Məkkədən Beytül-müqəddəsə hərəkəti əksər alimlərin nəzərincə ruhani və cismani olmuşdur. Nəzərə alsaq ki, insan ruh və bədəndən ibarətdir, insanlıq ruha aiddir, bədən bir vasitədir, cism ruha tabedir, güclü ruh hər işə qadirdir, onda ağıl İsra hərəkətini inkar etməz. İmam Sadiq (ə) buyurur: "Niyyət güclü olanda bədən heç bir iş qarşısında aciz olmur.” Həzrət İsanın həvarilərinin suyun üstü ilə yeriməsindən söhbət düşərkən İslam Peyğəmbəri (s) buyurdu: "Əgər yəqinlikləri daha çox olsaydı, hava ilə də gedə bilərdilər” Ruhun gücü hesabına cismin hərəkəti "teyyül-ərz” adlanır. Belə insanlar haqqında kifayət qədər mə`lumatlar var. Amma bu hərəkətin dərəcəsi bədənin ruha tabeçilik dərəcəsindən asılıdır. İslam peyğəmbərində (s) bu tabeçilik ən yüksək dərəcədə idi. Bu günki dünyamızda ruhun gücünə havada dayanan təriqətçiləri görənlər Peyğəmbərin (s) me`rac səfərinə şübhə etməməlidirlər.
Me`rac səfərinin ikinci və üçüncü mərhələləri haqqında iki baxış var: kimi bu səfərləri ruhani, kimi isə həm ruhani, həm də cismani hesab edir.
Bir sözlə, insan öz ruhunu maddi bağlılıqlardan, dünya həvəslərindən xilas edə bilsə Allaha doğru hərəkət edə bilər.

Sual 23: Həzrət Fatiməni (s) bir bu qədər ucaltmağa nə əsas var?
Cavab: Nəzərdən qaçırmayın ki, Allahın övliyalarına, ilk növbədə isə  mə`sumlara məhəbbətin əsası Allaha məhəbbətdir. Çünki dərin mərifət sahibi olan bu insanlar yalnız və yalnız Allahı sevmiş və Onun razılığı üçün yaşamışlar. Əgər mə`sumların dualarına nəzər salsanız, Allah sevgisindən başqa bir istək tapmazsınız. İmam Səccad (ə) "Muhibbin” münacatında deyir: "Pərvərdigara, Səndən məhəbbətini istəyirəm”. İmam Hüseyn (ə) "Ərəfə”  duasında deyir: "Öz dostlarının qəlbindən əğyarı çıxarıb məhv edən Sənsən.” "Kumeyl” duasında həzrət Əli (ə) deyir: "Pərvərdigara! Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə dözüm?”
Həzrət Peyğəmbər (s) qızı Fatiməni (s) bu baxımdan sevmişdir. O, Allahı sevənləri, eləcə də, Allahın sevdiklərini əziz tutmuşdur. Həzrət Fatimə (s) və həzrət Əlini (ə) bu məhəbbətin zirvəsində görən Peyğəmbər (s) onları sevməyə bilərdimi?!
Əhli-beyt sevgisi insanlara ona görə tövsiyə olunur ki, insanlar bu sevgi vasitəsi ilə Allaha yaxınlaşsınlar. Əgər Əhli-beyt Allah aşiqidirsə, onu sevənlər də bu eşqdən faydalanasıdır.
Fatimə (s) ucadır! Ona görə ucadır ki, Allah aşiqidir. Ona görə ucadır ki, Allah aşiqini sevən Allahı sevəsidir!

Sual 24: Qur`anın Peyğəmbərə (s) Allah tərəfindən nazil olmasının dəlili nədir?
Cavab: Bu iddianın isbatı üçün dörd məsələ nəzərdən keçirilməlidir:
−Qur`an Allah kitabıdır.
−Qur`an təhrifdən uzaqdır.
−Vəhydə xəta yoxdur.
−Həzrət Peyğəmbər (s) mə`sumdur.
Qur`an üç baxımdan e`cazkardır. Onun sözləri, mə`naları və onu gətirən şəxs e`cazkardır. Qur`anda sözlərin nizamı hal-hazırda bütün tədqiqatçılar tərəfindən qeyri-adi dəyərləndirilir.
Qur`anın mahiyyət baxımından e`cazkarlığı onda heç bir ziddiyyətin olmamasıdır. İnsan tərəfindən yazılmış ən dəyərli kitablarda belə kifayət qədər ziddiyyət olduğu halda, Qur`anda bu günədək zərrəcə ziddiyyət qeydə alınmamışdır.
Qur`anın nazil edildiyi həzrət Məhəmməd (s) ona görə e`cazkardır ki, yazıb-oxumağı bacarmadığı halda, ən incə zövqləri riqqətə gətirən ayələr söyləmişdir.
Qur`an təhrifdən qorunmuş yeganə kitabdır. 1400 il ərzində bir belə təcavüzlər qarşısında onun dəyişməzliyi düşündürücüdür.
İlahi vəhy ən kiçik xətalardan uzaqdır. Vəhyin mahiyyətinə varıb, onun faydaları ilə tanış olan insan uyğun iddianı e`tiraf etmək məcburiyyətindədir. Müxtəlif dönəmlərdə hansısa vəhyə e`tiraz edənlər cəmiyyətdəki problemlər burulğanında boğulduqları an həmin vəhyin həqiqət olduğunu qəbul etmişlər.
Əql hökm edir ki, Allahın kəlamını insanlara çatdırmaq üçün seçilmiş şəxs günahkar ola bilməz. Axı kim razı olar ki, sifariş göndərdiyi şəxs günahkar olsun?!

Категория: Məqalələr | Просмотров: 1115 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Lale  
0
ALLAH razi olsun

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz