Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum” günü Dezful
şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının
adını Mürtəza qoydu.
Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə)
yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir
Quran verir. Yuxu saleh övlad kimi təbir edilir.
Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi
idi. Bu ailənin böyük babası Cabir ibn Abdullah Ənsari sayılır. Cabir
həzrət Peyğəmbərin (s) səhabələrindən olub. Cabirin atası Abdullah
Xəzrəc qəbiləsinin başçısı idi və Mədinədə İslamı ilkin qəbul
edənlərdən idi.
Cabir ibn Abdullah həzrət Peyğəmbərdən (s) 1540 hədis nəql etmişdir. O
İmam Hüseynin (ə) şəhadətindən sonra onun pak məzarını ilk dəfə 40 gün
ziyarət edən şəxsdir. Nəql edirlər ki, Cabir İmamın qəbrini ziyarət
edəndə gözləri kor imiş.
Şeyx Ənsarinin atası Məhəmməd Əmin təqvalı İslam alimlərindən olub.
Onun anası Şeyx Şəmsəddin Ənsarinin nəvəsidir. Bu qadın dövrünün abid
qadınlarından olub ömrünün sonunadək gecə ibadətini tərk etməyib.
Ömrünün axırlarında gözləri tutulan bu abid xanıma oğlu Şeyx Ənsari
xidmət edib. Bu möminə xanım hicri-qəməri 1279-cu ildə Nəcəfdə
dünyasını dəyişib.
Şeyx Ənsari uşaqlıq dövründə təhsilə maraq göstərib. Onun gecə
yarıyadək mütaliəyə məşğul olduğu qeyd olunur. O ərəb ədəbiyyatı və
müqəddiməni atasından və Dezful alimlərindən öyrənib. Fiqh və üsul
elmlərini Dezfulun məşhur fəqihlərindən olan əmisi oğlu Şeyx Hüseyn
Ənsaridən mənimsəyib.
Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub.
Şeyx Məhəmməd Əmin Kərbəlada Seyid Məhəmməd Mücahiddən təhsil alıb. Bu
şəxs həmin dövürdə Kərbəla hövzəsinin rəhbərlərindən idi. Həmin vaxt
Şeyx Ənsarinin 18 yaşı olur. Seyid Məhəmməd Mücahid bu yaşda bir gəncin
təhsilə həvəsinə müsbət cavab verir və ona öz köməyini əsirgəmir. Həmin
görüşlərdən birində Seyid Məhəmməd Mücahid Şeyx Ənsarinin atasına deyir
ki, əksər fəqihlər İmamın (ə) qeyb dövründə cümə namazına icazə
vermədikləri halda Dezfulda cümə namazı qılındığını dilə gətrir. Gənc
Şeyx Mürtəza cümə namazının vacibliyi ilə bağlı elə dəlillər sadalayır
ki, Kərbəla fəqihi heyran qalır.
Şeyx Mürtəza Ənsari Seyid Mücahid və Şəriful-Üləmadan dörd il dərs alır.
Hicri-qəməri 1236-cı ildə vətəni Dezfula qayıdan Şeyx burada bir ildən
artıq qala bilmir və təhsil şövqü ilə İraqa dönüb Şeyx Cəfər
Kaşiful-Ğitanın oğlu Şeyx Musanın dərslərində iştirak edir.
Şeyx Ənsarinin elmi məktəbi dəyərli şagirdlər yetirmişdir. 13-cü əsrin
ortalarından 14-cü əsrin əvvəllərinədək bu məktəbdən 3 minə qədər alim
çıxmışdır. Şeyx İbrahim Ali-Sadiq, Seyid Məhəmməd İbrahim Bəhbəhani,
Şeyx İbrahim Xoini, Mirzə Məhəmməd Həsən Şirazi, Axund Xorasani, Mirzə
Məhəmməd Aştiyani, Seyid Əbülqasim Xansari Şeyxin yetirmələri
sırasındadır.
Şeyx Ənsarinin həyatı Fəthəli şahın hakimiyyəti dövrünə düşür. Qacar
dövründə İranın iki düşməni vardı: şimaldan Rusiya, cənubdan Britaniya.
Gəncənin ruslar tərəfindən işğalı Tehran alimlərini Rusiyaya qarşı
savaşa sövq etdi. Alimlər cihad hökmü verdilər. On il sürən müharibədən
sonra Gülüstan adlanan yerdə sülh müqaviləsi imzalandı. Şeyx Ənsarinin
ilk ustadlarından olan Seyid Məhəmməd Mücahid İraqdan Qafqaza gəlib
müsəlmanları cihada həvəsləndirirdi. Elə bu səbəbdən də ona mücahid adı
verilmişdir.
Şeyx Ənsarinin dövrü fiqh və üsulun çiçəklənmə dövrü sayılır. Bu
intibah Kaşiful-Ğita və Seyid Əli Təbatəbainin adı ilə bağlıdır.
Şeyx Ənsarinin dövründə ümumi mərcə alim Şeyx Musa Kaşiful-Ğita və onun
ardınca qardaşı olmuşdur. Növbəti mərcə alim Ayətullah Şeyx Məhəməd
Həsən, "Sahibi-cəvahir” adı ilə tanınmış böyük alim olub. O ömrünün son
günlərində alimləri bir yerə yığır. Şeyx Ənsarini məclisdə görməyib
onun ardınca adam göndərir. Şeyx Ənsari məclisə gəldikdən sonra
Sahibi-cəvahir dərindən bir nəfəs çəkib: "Məndən sonra mərcə aliminiz
bu şəxsdir” – deyib Şeyx Ənsarini göstərir.
Şeyx Ənsari hicri-qəməri 1281-ci ildə 67 yaşında Nəcəf şəhərində
dünyasını dəyişmişdir. Bu böyük alimin cənazəsi həzrət Əlinin (ə)
səhninə bitişik höücrədə dəfn edilmişdir.