Cavab:
İnsan dəmir maşın deyildir ki, durmadan işləsin. Əslində, maşının da
hissələri işlədikcə qızır, soyuması və yağlanması lazım gəlir. İnsan
isə maşından fərqli olaraq cismlə yanaşı, ruha da malikdir. İnsanın
gözü, əl-ayağı yorulub, istirahətə ehtiyaclı olduğu kimi, ruhu da
yorulur və dincini almaq istəyir. İnsanı psixoloji yorğunluqdan çıxaran
ən gözəl vasitə, sağlam əyləncədir. Təcrübədə sübut olunmuşdur ki, ruh
yorulduqca, onun işinin keyfiyyəti aşağı enir. Qısa müddət əyləncə ilə
məşğul olduqdan sonra ruh dirçəlir, yenidən işləməyə həvəs yaranır. Həzrət Əli (ə) buyurur: «İmanlı
insanın günü üç hissədən ibarətdir. Günün bir hissəsini mənəviyyatla
məşğul olub ibadət edən insan, günün ikinci hissəsini maddi
ehtiyaclarının təminatına sərf etməlidir. Günün üçüncü hissəsi halal
ləzzətlərə sərf olunmalıdır»["Nəhcül-bəlagə"]. Başqa bir hədisdə isə, günün əyləncəyə sərf olunan hissəsinin digər iki hissəyə kömək etdiyi bildirilir. İmam Sadiq (ə) buyurur: «Təbukdan
qayıdan peyğəmbər, öz yaxınları arasında cıdır müsabiqəsi keçirdi.
Həzrətin dəvəsinə minmiş Üsamə, cıdırda qalib
gəldi»["Səfinətül-bihar"1-ci cild, seh 596]. İslamda
sağlam əyləncəyə o qədər əhəmiyyət verilmişdir ki, hətta bəzi
müsabiqələrdə şərt də bağlamaq halaldır. Bu müsabiqələr peyğəmbər
dövründə bəzən onun hakimliyi ilə keçirilərdi. At çapmaq, ox atmaq
uyğun halal müsabiqələrdəndir. Lakin unutmaq olmaz ki, İslam dini
yalnız sağlam müsabiqəni qəbul edir. İnsanın cisminə və ruhuna zərərli
əyləncələr cəmiyyətdə inkar olunur. İkinci bir tərəfdən, əyləncə
insanın həyat idealına çevrilib, onu ruzi qazanmaq və ibadətdən
saxlamamalıdır. Əgər əyləncəyə aludə olmuş insan namazın vaxtını
ötürürsə, bu sayaq əyləncəni heç vəchlə məqbul hesab etmək olmaz.
Müəllif: Məhəmməd Azəri |