Bəni-Səqifə fitnəsindən sonra
növbəti mərhələ Həzrət Zəhranın (s.ə.) şəxsi mülkiyyətində olan "Fədək”
bağına yetişdi. Həzrət Fatiməyi-Zəhraya (s.ə.) zülm edib, Fədəyi ondan
almaq istədilər.
"Fədək” bir neçə tikilidən və bağlardan ibarət
bir yer idi ki, Həzrət Peyğəmbərə (s) döyüşsüz qənimət olaraq çatmışdı.
Allahın mələyi Cənab Cəbrayil (ə) Rəsuli-Əkrəmə (s) nazil olub, xəbər
vermişdi ki, Allah Təbarək və Təala buyurur: "Fədəyi Fatiməyə ver ki, onun özünün və Qiyamət gününə qədər övladlarının malı olsun, onunla maaş (dolanışıq) etsinlər”. Beləliklə,
Allahın əmrilə Rəsuli Əkrəm (s) Fədəyi Xanım Fatiməyə (s.ə.) təslim
etdi. O Həzrət (s) sağ olduğu müddətdə Fədək Xanım Fatiməyə (s.ə.)
məxsus mülk idi.
Atasının (s) rehlətindən sonra xilafətlə bağlı
məsələləri həyata keçirənlər, Fədəyi də qəsb etdilər və üstəlik,
özlərindən hədislər də gətirdilər ki, guya Rəsuli-Əkrəm (s) demişdi:
"Biz – Peyğəmbərlər özümüzdən sonra miras qoymarıq”. Xanım Zəhra (s.ə.)
isə onların cavabında Qurandan: "Süleyman Davuddan irs apardı...” -
ayəsini gətirdi. Xanım Zəhra (s.ə.) hər cür əziyyətə, zərbətlənməyə,
istər Həzrət Əliyə (ə), istərsə də özünə qarşı edilən haqsızlıqlara
baxmayaraq, haqqını tələb edib, İlahi hüccəti tamamlamaq istədi. Ona
görə də son gücünü toplayıb Bəni-Haşim qadınlarının köməyilə xəlifənin
yanına gəldi və Fədəyin Allahın izni ilə atası tərəfindən ona və
övladlarına hədiyyə verildiyini xatırlatdı. Xəlifə öz əməllərindən
qorxub istədi ki, Fədəyi Fatiməyə (s.ə.) qaytarsın, lakin yanındakı
şəxslər ona mane olub dedilər: "Fədəyin ona verilməsi haqqında şahid
gətirməsə, olmaz!”. Xanım Zəhra (s.ə.) Həzrət Əlini (ə), İmam Həsəni
(ə), İmam Hüseyni (ə) və Ummu-Eymanı şahid gətirdi, lakin onlar qəbul
etmədilər. Belə bəhanə gətirdilər ki, bu şahidlik Əlinin (ə)
xeyrinədir, Həsən və Hüseyn (a) balacadırlar, Umm-Eyman isə başqa
qəbilədəndir.
Nəhayət - son bir dəfə - Xanım Zəhra (s.ə.) çox
çətinliklə məscidə gedib, pərdə arxasından qarşı bəlağətli bir xütbə
oxudu. Xütbədə belə buyurdu: "Ey camaat! Siz yaxşı bilirsiniz ki,
Həzrət Rəsul (s) dəfələrlə buyurub: "Fatimə mənim bədənimin bir
parçasıdır, kim ona əziyyət etsə, mənə əziyyət etmişdir. Mənə əziyyət
edən isə Allaha əziyyət etmişdir”. Ey camaat! Şahid olun ki, ... zülm
və əziyyət etdilər”.
Bəzi mənbələrdə buyurulur ki, bu
xütbədən sonra xəlifə Fədəyin qaytarılması haqqında namə yazıb Xanıma
(s.ə.) verdi, amma yanındakı şəxs bundan xəbər tutub, Xanımım (s.ə.)
arxasınca gəlib yolda o naməni tələb etdi. Xanıma qarşı cürət edərək,
həmin sənədi ondan aldı.
Bu hadisədən həm mənəvi, həm cismani
tərəfdən şiddətli zərbə almış Zəhra (s.ə.) sağalmaz dərdə - ölüm
yatağına düşür və çox keçmir ki, dünyasını dəyişir.
Fədəyin
Xanıma (s.ə.) verilməməsinin əsas səbəbi isə o idi ki, qəsbkarlar
qorxurdular ki, Fədək Həzrət Zəhrada (s.ə.) qalsa idi, o bağdan gələn
gəlir yoxsullara paylanar, bununla xalqın Əli (a) və onun ailəsinə olan
məhəbbət və rəğbəti artar, bu da onların hökmranlığına təhlükə
yaradardı...
Tağıyeva Minarə x. , "Dəyərlər”in oxucusu |