Üsuliddinin
beşinci və sonuncu əsası «Məad»-dır. «Məad», ərəb sözü olub qayıdış
mə'nasını daşıyır. Amma dini termin baxımından məadın mə'nasında belə
deyirlir:
«Məad» axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir.
Bu əqidəyə əsasən dünyadan getmiş hər bir insan Həzrət İsrafil
əleyhissalamın şeypurunun səslənməsi ilə oyanıb Allah qarşısında hazır
olacaq və öz əməllərinin əvəzini görəcəkdir.
Axirət aləminə inanmaq təkcə müsəlmanlar arasında deyil, bütün ilahi dinlərdə əsas mövzulardan biri sayılır.
Həqiqətdə Axirət aləminə inanmağın əsası hər bir insan varlığının ruh və cisimdən yaranmasından qaynaqlanır.
İnsanın cismi öləndən sonra torpaqlar altında çürüyüb, aradan getsə də ruhu dəyişməz qalır.
İnsanı sair varlıqlardan ayıran əsas amil isə onun ağıl və şüura malik olmasıdır.
İnsan bu dünyaya təkcə yemək-içmək və bir sıra ləzzətlərin ardınca
düşmək üçün gəlməmiş və heç də belə bir hədəf üçün yaranmamışdır. Elə
buna görə də hər bir insanın zehnində aşağıdakı suallar yarana bilər:
1-haradan gəlmişik?
2-Hansı hədəf üçün yaranmışıq?
3-Bu həyatın sonu haradır?
Bu suallara düzgün cavab tapmaq üçün «Məad» barəsində və başqa sözlə
Axirət aləmi haqda danışmaq zəruri və lazım məsələlərdən biri sayılır.
Qeyd etdiyimiz kimi, axirət aləminə inanmaq təkcə müsəlmanlara məxsus
deyil, həm də bədəvi insanlar, atəşpərəstlər, yəhudilər, məsihilər və s
.... insanların da əqidə bağladığı əsaslı e'tiqadlardan biridir.
AXİRƏT ALƏMİNİN XÜSUSİYYƏTLƏRİ
Ağıl və məntiq baxımından Axirət aləmi aşağıdakı xüsusiyyətlərə malik olmalıdır.
1-Axirət aləmi əbədi və həmişəlik olmalıdır;
Qur'ani-kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn:
«Behiştin qapıçıları Behişt əhlinə salam verərək deyər: Xoş olsun sizə; əbədi olaraq Behiştə daxil olun.»[106]
həmçinin Cəhənnəm əhli barədə buyurulur:
«Allah-təala münafiq (iki üzlü) kişilər, qadınlar və kafirlər üçün əbədi olan cəhənnəm odunu və'də vermişdir.»[107]
2-Axirət aliminin ne'mət və səadəti hər növ çətinlik və əzab-əziyyətdən uzaq olmalıdır;
Axirət aləmində olan ne'mət və səadət üçün heç bir əziyyət,
narahatçılıq və hüzn olmamalıdır. Çünki bu cür xüsusiyyətlər müvəqqəti
olan dünya həyatının ne'mətləri və rifahını əldə etdikdə ola bilər.
Axirət aləmində isə bu cür xüsusiyyətlərin olması qeyri-mümkündür.
Qur'ani-kərimdə oxuyuruq:
«(Onlara xitab olunar:) Behiştə daxil olun! Sizin üçün Heç bir qorxu və hüzn olmayacaqdır.»[108]
3-Axirət aləmi iki hissədən təşkil olunmuşdur;
Belə ki, saleh əməllər sahibi üçün rəhmət və günahkarlar üçün əzaba malik olmalıdır.
Qur'ani-kərimin bir çox ayələri bu söz üçün canlı sübutdur. Məsələn:
«Zərrə qədər yaxşı əməl sahibi (Axirət aləmində) öz işinin savabını
görəcəkdir. Və zərrə qədər pis əməl sahibi (də) öz əməlinin cəzasına
çatacaqdır.»[109]
Beləliklə heç bir insan ilahi rəhmət və cəzadan boyun qaçıra bilməz və hamı ilahi məhkəmədə hazır olmalıdır.
4-Axirət aləmi əməl yeri deyil, cəza və mükafat yeri olmalıdır;
Çünki əməl qapısı ölüm yetişdikdə bağlanar və bir daha açılmaz. Qur'ani-kərim bu haqda buyurur:
«Sizlərdən birinizin ölümü yetişməmiş sizə verdiyimiz ruzilərdən Allah
yolunda infaq edin, (ki, əcəli çatmış hər bir şəxs) belə deyər: İlahi,
bir daha əcəlimi tə'xirə salsan, Sənin yolunda sədəqə verib salehlərdən
olaram.»[110]
Bu ayədən aydın olur ki, insanın ölümü çatdıqdan sonra heç bir əməli yerinə yetirə bilməz və ona savab yazılmaz.
AXİRƏT ALƏMİNİN İSBAT OLUNMASI
Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki,
onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir.
Birinci: Ağıl və düşüncə;
Ağıl və düşüncə yolu ilə Axirət aləmini bir neçə dəlillə isbat etmək olar:
1-Hikmət dəlili;
Bildiyiniz kimi hər bir insan ruh və cisimdən ibarətdir ki, onun əbədi həyatının əsas amili də ruhla bağlıdır.
İnsan bu dünyada zəhmət çəkib bir sıra ləzzətlərdən bəhrələnmək və
nəhayət bu dünya ilə vidalaşıb torpaq altında çürüyərək aradan getmək
üçün xəlq olunmamışdır. Çünki ölməklə bütün var dövlət, çəkdiyi
zəhmətlər və s.. heçə çıxır və beləliklə də hər bir insanın həyat tərzi
mə'nasız və puç sayılır.
İlahi sifətlərdən biri də Allahın hikmətli olmasıdır. Belə bir həyat tərzi isə Allahın hikmətindən çox-çox uzaqdır.
Digər tərəfdən də qeyd olunmalıdır ki, insan əbədilik və həmişə
yaşamağı, ixtiyarında olan imkanların həmişəlik əlinda qalmağını sevən
və tələb edən bir mövcuddur ki, 70-80 ildən sonra dünyadan köçüb qəbr
evində çürümək qorxusu bu istəyi aradan apararaq onu nakam qoyur. Bu
isə heç bir sağlam ağılla uyğun gəlmir.
Elə bütün bunlara görə də bu dünyadan sonra ayrı bir aləmin olması, ilahi hikmətin zəruriyyətlərindəndir.
2-Ədalət dəlili;
Bildiyiniz kimi insanlar öz əməllərində ixtiyar sahibi olub, istədikləri pis və yaxşı əməlləri əncam verə bilərlər.
Bə'zi insanlar ömürlərinin sonunadək Allaha bəndəçilik edib saleh
əməllər görür, bə'ziləri isə ömürlərinin sonunadək günah işlərlə məşğul
olur və hətta günah etdikləri halda dünyalarını dəyişirlər.
Digər tərəfdəndə bir çox insanlar dünyada öz imkanları, qüdrətləri və
s.. şeylərdən istifadə etməklə zəif və imkansızlara istədikləri
zülmləri edirlər ki, adətən bu cür zülmkarlar dünyada zəngin və firavan
həyat sürür və heç də öz çirkin əməllərinin cəzasına çatmırlar.
Allahın sifətlərindən biri də onun ədalətli olmasıdır. Belə bir həyat
tərzi (salehlər və günahkarların cavabsız qalması) heç də ilahi
ədalətlə uyğun gəlmir və heç bir sağlam ağıl belə bir işi qəbul edə
bilmir.
Beləliklə saleh bəndələr və günahkarları bir-birindən ayırd edib,
salehləri mükafatlandırmaq, zülmkarları isə cəzalandırmaq üçün bu
dünyadan başqa bir aləmin (axirət aləminin) olması ilahi ədalətin
zəruriyyətlərindən sayılır və əks təqdirdə, bu həyat tərzinin Allah
ədalətindən kənar olması kimi düşüncə və fikir meydana çıxa bilər.
3-Qüdrət dəlili;
Ağıl və düşüncə yolu ilə Axirət aləmini isbat edən dəlillərdən biri də ilahi qüdrətdən ibarətdir.
Axirət aləminin varlığı, çürüyüb aradan getmiş bir sıra varlıqların bir
daha xəlq olunması bu işin qeyri-mümkünlüyü ilə inkar olunsa, ilahi
qüdrətə əsasən bu fikirin yanlış olduğunu isbat edə bilərik. Məsələn,
insanları müxtəlif bitki, meyvə və s.. şeylərdən ataların belində nütfə
kimi, anaların bətnində körpə uşaq şəklində vücuda gətirən və hər bir
körpəni boya-başa çatdıran, həmçinin varlıqları yoxdan xəlq edən Allah
heç də çürümüş insanı bir daha dirildib Axirət aləmində hazır etməkdən
aciz deyildir.
Allah-taala nəhayətsiz qüdrət sahibi olduğu halda bu kimi işləri həyata
keçirməkdən aciz qalmaz. Məsələn, əgər bir mühəndis tikdiyi binanı
dağıtdıqdan sonra onu yenidən inşa edəcəyini iddia etsə, hamı ona
inanar. Çünki o, artıq bir dəfə bu işə qadir olduğunu sübuta
yetirmişdir. Onun yenidən bu işi bacaracağına isə kimsə şübhə etməz.
Elə bütün bunlara əsasən axirət aləminin varlığı zəruri və olasıdır.
İkinci: Ayə və rəvayətlər;
Axirət aləminin isbatı üçün çoxlu ayə və rəvayətlər mövcuddur ki, burada onların bə'zisini qeyd edirik:
1-Zəlzələ surəsi:
«Bağışlayan və mehriban Allahın adı ilə! Yer möhkəm zəlzələ ilə
titrədikdə və öz ağır yüklərini xaric, etdikdə, insan (Heyrətlə) deyər:
Görəsən yerə nə olmuşdur? O vaxt yer, camaatı (böyük) xəbərlərdən agah
edər. Çünki sənin Rəbbin ona belə ilham etmişdir. O gün xalq öz
əməlllərinin (cəza və mükafatını) görmək üçün qəbrlərdən pərakəndə
halda xaric olarlar. Beləliklə zərrə qədər xeyir əməl sahibi öz
mükafatını görərcək və zərrə qədər şərr əməl sahibi (də) öz əməlinin
cəzasına çatacaqdır.»
2-Təğabun surəsi, ayə-7:
«Kafirlər (belə) güman edirlər ki, (öldükdən sonra) bir daha dirilməyəcəklər...»
3-Mu'minun surəsi, ayə-16:
«Və (bütün bunlardan sonra) siz Qiyamət günü diriləcəksiniz.»
4-Nəql olunmuş rəvayətə əsasən Ubəyy ibni Xələf çürümüş bir sümüyü
Həzrət Peyğəmbərin (s) yanına gətirib onu havaya sovuraraq dedi: «Bu
çürümüş sümükləri bir daha kim dirildə bilər?» Allah-təala bu ayəni
nazil etməklə ona belə cavab verdi:
«O öz xilqətini unudan halda bizə misal çəkərək, «bu çürümüş sümükləri
bir daha kim dirildə bilər?»- dedi. (Ey peyğəmbər!) Ona de ki, onları
ilk dəfə yaradan Allah (çürümüş sümüyü) bir daha dirildəcək və o Allah
hər şeyi xəlq etməyə (qadir və ) bilicidir.»[111]
5-həzrət Əmirəl Mö'minin Əli əleyhissalam buyurur:
«Qiyamət günü mö'minlər, kafirlər və münafiqlər dəstə-dəstə gələrək öz əməllərinin (mükafat və cəzasını) görəcəklər...»[112]
Beləliklə qeyd olunmuş bir sıra əqli dəlillər, həmçinin ayə və
rəvayətlərə əsasən bu dünyadan sonra Axirət aləminin varlığı zəruri və
bəlli olur.
AXİRƏT ALƏMİNİN KEYFİYYƏTİ
Bə'ziləri Axirət aləminin cismani, digərləri isə ruhani olduğunu iddia
etmişlər ki, bir sıra Qur'an ayələri, həmçinin rəvayətlərə əsasən
Axirət aləmi həm cismani həm də ruhani olacaqdır.
Çünki bir sıra Qur'an ayələri Axirətdə əl və ayaqların şəhadət verməsi
və bədən üzvlərinin dil açıb, danışmasından xəbər verir. Məsələn:
«Bu gün (Axirət aləmində) kafirlərin ağzına sükut möhrü vurular,
dilləri dilə gəlib bizlə danışar və ayaqları etdiklərindən şəhadət
verər.»[113]
Gördüyünüz kimi bu ayə Axirət aləminin cismani olduğunu yetirir. Digər
tərəfdən də bə'zi ayələr Axirət aləmində günahkarların həsrət çəkməsi,
cəhənnəm odunda yanması və ruha aid sair hadisələrdən söz açır ki,
ruhsuz insan heç vaxt belə əzabları dərk etməz və heç bir ağrını hiss
edə bilməz. Məsələn:
«(Ey peyğəmbər!) Zülmkarları həsrət günündən qorxut ki, o vaxt onların
əzab olunmaqlarına Hökm olunacaq. Bir halda ki, onlar (bu dunyada)
qəflətə düşüb iman gətirmirlər.»[114]
Əllamə Hilli (r.ə) bu haqda buyurur:
«Bütün müsəlmanlar Axirət aləminin cismani olması əqidəsindədirlər.
Çünki əks təqdirdə (bir sıra əməllər və) təkliflərin yerinə yetirilməsi
(məntiqsiz və) ağlabatmaz olacaqdır.»[115]
Beləliklə də cisim təklikdə heç bir şeyi dərk etmədiyinə görə, Axirət aləmi həm cismani, həm də ruhani olacaqdır.
AXİRƏT ALƏMİNİN MƏRHƏLƏLƏRİ
Axirət aləminə aid olan bir sıra mövzulardan sonra onun mərhələləri haqda danışmaq münasib olardı:
1- Ölüm:
Ölüm ruhun təmamilə bədəndən ayrılmasına deyilir ki, hər bir insan
müxtəlif xəstəliklər, hadisələr və s... səbəblərdən bu dünyadan köçəcək
və dünyada etdiyi əməllərə görə Allah qarşısında hazır olacaqdır.
Bir sıra rəvayətlərə əsasən ölüm, mö'min və yaxşı əməl sahibləri üçün
asan, kafirlər və günahkarlar üçün isə çətin və ağır olacaqdır.
Kafirlər və qeyb aləmini inkar edənlər ölümü aradan gedib məhv olmaq
kimi qələmə verir, mö'minlər və saleh bəndələr isə onu məhv olmaq
deyil, əksinə əbədi yaşayışa qovuşmaq bilirlər.
2- Qəbr:
Ruhu bədənindən çıxmış insan qüsl, kəfən və s... işlərdən sonra qəbrdə dəfn olunur.
Kafir, müşrik və günahkarlar üçün qəbr sıxıntısı ən qorxulu və dözülməz hadisələrdən biri sayılır.
İstər müsəlman, istərsə də qeyri-müsəlman üçün qəbr məsələlərindən biri
də münkir və nəkirin ölüdən bir sıra suallar soruşmasıdır. Onlar qəbrdə
olan insandan Allah, peyğəmbər, müqəddəs kitab, imam və s... məsələlər
haqda sual edəcəkdir.
3- Bərzəx:
Bərzəx aləmi Qiyamət gününədək mö'minlər və kafirlərin qalacağı
müvəqqəti bir yerdir ki, mö'minlər Qiyamət gününədək orada cənnətə
oxşar müvəqqəti yerdə, kafirlər isə cəhənnəmə oxşar bir yerdə
qalacaqlar.
Bu aləm dünya həyatı ilə Axirət arasında olan ayrılıq və boşluğu doldurduğu üçün «Bərzəx» adlanmışdır.[116]
4- Qiyamət:
«Qiyamət» sözü ayağa qalxmaq və dirçəliş mə'nasını daşıyır.
Qur'ani-kərimdə bu gün «Yəvmud-din» (cəza və mükafat), «Yəvmul-axir»
(son gün), «Yəvmul-həsrət» (Həsrət günü,) «Yəvmul-üsr» (çətin gün) və
«Yəvmə tubləs-sərair» (pərdələrin kənara gedib, sirlərin aşkar olduğu
gün) kimi adlarla yad edilmişdir.
Qur'ani-kərimin buyurduğuna görə iki dəfə İsrafilin vasitəsi ilə şeypur çalınacaq.
Birinci dəfə çalınanda yerdə və göylərdə olan canlı varlıqlar öləcək və bununla da Qiyamət günü başlanacaqdır.
Şeypur ikinci dəfə çalındıqda isə ölmüş canlılar bir daha diriləcək və Allah hüzurunda dayanacaqlar. Qur'ani-kərimdə oxuyuruq:
«İsrafil şeypuru çalacaq və Allah istədiyi kəslərdən başqa göylərdə və
yerdə olan bütün canlılar öləcəkdir və sonra bir daha şeypur
çalındıqda, insanlar ölümdən ayılaraq (məhşərə) baxacaqlar.»[117]
Qiyamət gününün necə ağır və dəhşətli olduğunu diqqətinizə çatdırmaq üçün bir neçə ayəni qeyd edirik:
«Bağışlayan va mehriban Allahın adı ilə. Ey insanlar! Rəbbinizdən
(qorxub) pərhizkar olun ki, şübhəsiz Qiyamət gününün zəlzəlzsi çox
böyuk bir Hadisədir. O gün bütün südverən analar qorxudan öz
körpələrini unudacaq və bütün hamilə qadınlar uşaqlarını salacaqlar.
O gün xalqı məst halda görəcəksən, halbuki onlar məst deyil və lakin Allahın əzabı şiddətlidir.»[118]
Nəql olunmuş rəvayətə əsasən, bu ayələr «Bənil-müstələq» döyüşündə
Həzrət Peyğəmbərə (s) nazil oldu. Peyğəmbər onu müsəlmanlar üçün oxudu
və onlar qorxudan ağlayaraq pərişan oldular.
hamılıqla o günün şərrindən Allaha pənah aparırıq.
5-Qəbrdən qalxmaq:
Həzrət İsrafilin çaldığı ikinci şeypurdan sonra əvvəldən dəfn olunmuş
insanlar öz qəbrlərindən qalxacaq və etdiyi əməllərin hesabını
görəcəklər.
Qur'ani-kərim bu haqda buyurur:
«(Onlar) qəbrlərdən çıxaraq həşəratlar kimi məhşərə səpələnəcəklər.»[119]
6-Əməllərin hesablanması:
Qur'ani-kərimin buyurduğuna əsasən, Qiyamət günündə zərrə qədər də
olsa, yaxşı və pis əməllər ölçüləcək və onların hər biri üçün savab və
cəza veriləcəkdir.[120]
Rəvayətlərdən belə başa düşülür ki, yaxşı əməlləri artırıb daha çox
savab almaq üçün Həzrət Peyğəmbər (s) və onun pak ailəsinə salavat
göndərmək, («Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd»)-sözünü
demək, həmçinin xoş əxlaqlı olmaq çox faydalıdır.
Bu mərhələdə əməllərin ölçülüb hesablanması üçün bir sıra şahidlər
şəhadət verəcəkdir. Qur'ani-kərimin ayələrindən istifadə olunduğu kimi,
Qiyamət günündə şəhadət verənlər aşağıdakılardan ibarətdir:
Birinci: Allah-təala;
İkinci: İslam ümmətinin peyğəmbəri;
Üçüncü: İnsanın bədən üzvləri;
Dördüncü: Mələklər;
Beşinci: Yer;[121]
Həmçinin Qur'ani-kərimdə qiyamət günündə İslam ümməti, əməllər kitabı
və əməllərin şəhadət verməsi barədə də söz açılmışdır.[122]
7-Əməllər kitabının verilməsi:
Axirət aləminin həyəcanlı mərhələlərindən biri də insanlara əməllər kitabının verilməsidir.
Bu kitab insana sağ tərəfdən verilərsə onun cənnətə, sol tərəfdən verilərsə, cəhənnəmə kedəcəyi mə'lum olacaqdır.
İnsanların bütün yaxşı və pis işləri bu kitabda yazılı halda təhvil veriləcəkdir ki, Qur'ani-kərimdə bu haqda belə buyurulur:
«Onlar deyərlər: Vay olsun bizə! Bu nə cür kitabdır ki, bizim bütün
kiçik və böyük əməllərimizi (unutmamış) və saxlamışdır!.»[123]
8-Sirat körpüsü:
Axirət aləminin ən qorxulu mərhələlərindən biri də bütün insanların
siratdan keçməsidir. Sirat yeddi dayanacaqdan ibarət bir körpüdür. Bu
dayanacaqlar aşağıdakılardan ibarətdir:
Birinci: Rəhm (qohum-əqrəba ilə yaxşı rabitə), əmanət və mə'sumların vilayət və imaməti;
İkinci: Namaz;
Üçüncü: Xüms və zəkat;
Dördüncü: Oruc;
Beşinci: Həcc;
Altıncı: Təharət və təmizlik;
Yeddinci: Məzalim (haqqun-nas və yaxud xalqın hüquqları);
Məryəm surəsinin 70-ci ayəsinə əsasən, bütün insanlar bu sirat
körpüsündən keçməli, amma günahkarlar sirat üzərində büdrəyib Cəhənnəmə
düşəcəklər.
Sadaladığımız yeddi dayanacağın hər birində insandan bu əməllərin
yerinə yetirib-yetirməməsi soruşulacaq, onları yerinə yetirmişsə tez
keçəcək, əks təqdirdə isə ayağı büdrəyəcəkdir. Amma mö'min şəxslər bu
körpünü bir göz qırpımında keçəcəklər.
9-Behişt ya Cəhənnəm:
Axirət aləminin sonuncu və əbədi mərhələsi cənnət və ya cəhənnəmdən
ibarətdir ki, cənnət yaxşı əməl sahibləri olan mö'minlər, cəhənnəm isə
müşrik və kafirlər üçün əbədi bir yerdir.
Məşhur alim Şeyx Səduq (r.ə) bu barədə deyir:
«Cənnət haqda əqidəmiz belədir: Həqiqətən cənnət əbədilik və sağlamlıq
evidir. Orada ölüm, qocalıq, xəstəlik, ziyan və fanilik
yoxdur...həmçinin cənnətdə Heç bir qəm-qüssə, hacət və yoxsulluq
olmayacaq. Cənnət ehtiyacsızlıq və səadət evidir.»
Cəhənnəm Haqda olan əqidəmiz isə belədir: Həqiqətən cəhənnəm zillət evi
olub küfr və günah əhlindən intiqam alınmaq yeridir ki, yalnız küfr və
şirk əhli orada əbədi olaraq qalacaqdır.»[124]
AXİRƏT ALƏMİ BARƏDƏ BİR NEÇƏ SÖZ
1-Mə'lum olduğu kimi, dünyada yaxşı əməl sahibi olan mö'minlər əbədi
olaraq cənnətdə, kafirlər və müşriklər isə əbədi olaraq Cəhənnəmdə
qalacaqdır. Amma günahkar müsəlmanlar müvəqqəti cəhənnəm əzabından
sonra Cənnətə aparılacaq və əbədi olaraq orada qalacaqlar.[125]
2-Şəfaət bir şeyin digər bir şeyin kənarında durmasına deyilir.
İmtahandan iki almış şagirdə bir qiymət əlavə edərək üç qiymətlə
müəllim tərəfindən edilən bu hörmət, şəfaət üçün ən yaxşı bir misaldır.
Bizim əqidəmizə əsasən qiyamət günü peyğəmbərlər, imamlar, alimlər,
şəhidlər və salehlər, bə'zi günahkar bəndələrə şəfaət edəcək və
beləliklə Allah-təala onların təqsirindən keçəcəkdir. Qur'ani-kərimdə
oxuyuruq:
«Qiyamət günü Allahın izn verdiyi və sözlərini bəyəndiyi şəxslərdən başqa heç bir kəsin şəfaəti fayda verməz.»[126]
Qeyd etmək lazımdır ki, şəfaət heç də səhlənkar, müqəssir və bu kimi
digər şəxslərə aid olmayıb, yalnız məxsus insanlar üçün Allah izni ilə
həyata keçəcəkdir.
3-Müsəlman məzhəbləri arasında olan ixtilaflardan biri də «v'əd» və
«və'id» məsələsidir. «Və'd» savab və xeyir, «Və'id» isə əzab və cəza
üçün işlədilir. Bizim əqidəmizə əsasən Allah-təala heç vaxt öz və'dinə
yalançı çıxmaz.
Necə ki, Qur'ani-kərimdə buyurur:
«Bu Allah və'didir və Allah heç vaxt öz və'dinə yalançı çıxmaz, lakin xalqın çoxu bundan agah deyildir.»[127]
Lakin və'id (cəza və əzab və'dəsini) yerinə yetirib-yetirməməkdə
ixtiyar sahibidir. Yə'ni Allah-təala bir şəxs və ya bir millət üçün
və'id (cəza və əzab və'di) verərsə, bu və'dinə əməl edib-etməməsi öz
ixtiyarındadır. Necə ki, Qur'ani-kərimdə buyurur:
«Göylərdə və yerdə olan hər bir şey Allaha məxsusdur, o istədiyini
bağışlayar və istədiyinə əzab verər və Allah bağışlayan və
mehribandır.»[128]
Pərvərdigara! Bizə həqiqi İslam maarifinə yiyələnməkdə yardımçı ol və bircə an da bizi qəflətdə saxlama! İlahi Amin.
[106] Zumər surəsi, ayə.73
[107]«Tövbə» surəsi, ayə.68
[108]«Ə`raf» surəsi, ayə 49
[109]«Zəlzələ» surəsi, ayə 7-8
[110] «Munafiqun» surəsi, ayə 10
[111]«Əl-mizan təfsiri», 7-ci cild;«Yasin» surəsi, ayə.78-79,
[112]«Əl-mizan təfsiri», 20-ci cild; «3əlzələ» surəsi.
[113]«Yasin» surəsi, ayə.65
[114]«Məryəm» surəsi, ayə.40
[115]«Əlbabul-hadi əşər»,7-ci fəsil, səh.105
[116] Qur'ani-kərimin Mö'minun surəsinin 100-cü ayəsi, həmçinin bir sıra rəvayətlərdə Bərzəx aləmi haqda danışılmışdır.
[117] Zumər surəsi, ayə.68
[118] «həcc» surəsi, ayə.1-2
[119] Qəmər surəsi, ayə.7
[120] 3əlzələ surəsi
[121] Bu barədə Həcc surəsi, ayə.17, Nisa surəsi, ayə.41, Nəhl surəsi,
ayə.89, Nur surəsi, ayə.24, Qaf surəsi, ayə.21 və 3əlzələ surəsi,
4-5-ci ayələrə baxa bilərsiz.
[122] Bu barədə Bəqərə surəsi, ayə.143, Kəhf surəsi, ayə.49, Ali İmran surəsi, ayə.30 baxa bilərsiz.
[123] Kəhf» surəsi, ayə,49
[124] «Əl-e'tiqadat fi dinil-imamiyyə» səh.53-54
[125] «Qəvaidul-əqaid» səh.149
[126] «Taha» surəsi, ayə.109
[127] «Rum» surəsi, ayə.6.
[128] «Ali imran» surəsi, ayə.129.
islam-azeri.az |