Bazar, 22.12.2024, 08:16
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 2
Qonaq 2
İstifadəçi 0

Главная » 2010 » May » 12 » “73 firqə” hədisi
22:25
“73 firqə” hədisi
Vahid İslam ümmətini parçalayan digər amil də saxta hədislərdir. Saxta hədislər heç də az deyildir. Belə hədislərin araşdırılması, əsasən, alimlərin üzərinə düşən vəzifədir. Bu cür hədislər demək olar ki, bir çox xütbə, kitab, məqalə və danışıqların əsas mövzusu olmaqla əsas təfriqə mənbəyinə çevrilmişdir.Biz burada belə hədislərdən birini uca Allahın yardımı ilə geniş bir şəkildə araşdıracaq və bu məşhur və qeyri-səhih hədisin saxta olmasını təsbit etməyə çalışacağıq.
Hədisdə deyilir ki, Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) buyurub: "Ümmətim yetmişdən artıq firqəyə bölünəcəkdir. Onlardan biri nicat tapacaq. Qalanları isə odda olacaqdır (cəhənnəmlikdirlər)”. Dedilər: "Ey Allahın elçisi! Kimdir onlar (qurtulanlar)?” Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun): "(İslami) camaat” (Müsnəd, 3/145; Darimi,2/241) – deyə buyurdu. Başqa bir rəvayətdə: "Ən böyük topluluq” (İbn Mace, Fitən, 8/2/1303), başqa bir rəvayətdə də "Mən və mənim səhabəmin üzərində olduğu yol ilə gedənlər”, digər bir rəvayətdə isə "Əhli-Beytimə tabe olanlar” şəklində rəvayət olunmuşdur.Bu hədis eyni zamanda bəzi Şiə məzhəbinin alimlərinin də kitablarında müxtəlif sənədlərlə rəvayət olunmuşdur. Şiə hədis alimlərindən Şeyx Səduq özünün "Xisal” kitabında "yetmiş və ondan yuxarı” fəslində, Əllamə Məclisi isə özünün "Biharul-Ənvar” adlı kitabında bu hədisi nəql etmişlər.
Həzrət Rəsulullahın (Ona və ailəsinə Allahın salamı olsun) özündən sonra ümmətinin 73 firqəyə ayrılacağını xəbər verdiyinə dair bir çox müsəlmanlar arasında bəzi İslam tarixi kitablarında ümumi bir etiqad mövcuddur. Bu etiqadın səbəbi, hədis ədəbiyyatında mövzu ilə əlaqədar rəvayətlərin olduqca çox olmasıdır. Rəvayətlərin bu dərəcədə yayılması ilə demək olar ki, bir çox müsəlman bu hədisdən xəbərdar olmuşdur.
Şiə məzhəbinə mənsub olan bəzi şəxslər bu hədisi nəql etdikdən sonra, hədisə əsasən qurtulacaq şəxsin öz məzhəbləri (Şiə məzhəbi) olduğunu qeyd edir. Belə ki, bu şəxslər "Əhli-Beytimə tabe olanlar” şəklindəki rəvayətə üstünlük verərək, özlərinin qurtulacağını deyirlər. Sünnilərdən isə bəziləri bu hədisi dedikdən sonra yalnız özlərinin qurtulacağını isbat etmək üçün "Mən və mənim səhabəmin üzərində olduğu yol ilə gedənlər” şəklindəki hədisə əsaslanırlar. Və beləliklə, kiçik və qapalı dairələr tədricən daha da kiçilməyə başlayır. Bununla da hər bir dairə yalnız özünə, öz tərəfdarına açılır. Nəticədə, bu hədis İslam ümmətini birləşməyə qoymayan və iman qardaşlığını unutduran mənfi amillərdən biri olur.
Hədisə əsasən, yalnız özünü, öz yolunu (məzhəbini) haqq görən bəzi məzhəb nümayəndələri sözsüz ki, digərlərini batil görəcəkdir. Hər kəs özünü haqq bilir, digərlərinə qarşı isə mübarizə aparır. Özünü haqq bilənlər, digər haqlı olduğunu iddia edənlərlə vuruşur. Hər bir məzhəb özünü haqq bilir. Yolunu (məzhəbini) haqq olaraq özünə təsbit edən bir müsəlmanın, digər bir müsəlmana (halbuki, bu da öz məzhəbinin haqq olduğunu elmə əsasən sabit edib) qarşı çıxması İslam aləmi üçün böyük bir müsibətdir.
İslama dəvət xüsusiyyətimiz isə belə olmalıdır: Əvvəlcə İslama, sonra məktəbə (məzhəbə) dəvət etməliyik. Bunu isə icbari olaraq yox, sübut və dəlilə söykənən hikmət və nəsihətlə həyata keçirməliyik. Bu dəvət iradə azadlığına əsaslanmalı, heç kim hər hansı xüsusi bir məzhəb seçiminə məcbur edilməməlidir.
Bütün deyilənlərə əsasən, biz bu hədis üzərində geniş araşdırma aparma qərarına gəldik. Hədisin sənəd və mətn baxımından araşdırılması üçün böyük İslam alimlərinə müraciət etmişik.
Alimlər arasında bu hədisi sənəd və mətn baxımından səhih bilənlər də vardır.
Əhli-Sünnə alimi Prof. Dr. Muhəmməd Əbu Zəhra "Məzhəblər Tarixi” adlı kitabının girişində müsəlmanların ixtilaf etmə səbəblərindən danışarkən belə deyir: "Bir hədisdə Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurur: "Yəhudilər 71 firqəyə, xristianlar də 72 firqəyə ayrılıblar. Ümmətim isə 73 firqəyə ayrılacaqdır” (Tirmizi, Kitabul-İman, bab,18 / İbn Mace, Kitabul-Fitən, bab, 17 / Darimi, Kitabus-Siyər, bab, 75 / Müsnədi Əhməd İbni Hənbəl, c.3, səh.501).
Hədis alimləri müxtəlif şəkillərdə rəvayət edilən bu hədisin səhih olduğunu söyləyiblər. Muqbili, "Əl-Aləmuş-Şamih” adlı kitabında belə deyir: "Ümmətin 73 firqəyə ayrılacağına dair zikr edilən hədisin bir çox rəvayətləri vardır. Bu rəvayətlər bir-birini dəstəkləyir. Buna görə də hədisin ifadə etdiyi hadisənin meydana gələcəyində heç bir tərəddüd buraxmamışdır” ("Mezhepler Tarihi”, Prof. Muhəmməd Əbu Zəhra, c.1, səh. 13-14.).
Qeyd olunan hədisin sənəd baxımından zəifliyini təsbit etmək üçün böyük Əhli-Sünnə alimi Prof. Dr. Şeyx Yusif Qaradavinin tədqiqatına müraciət edəcəyik. Araşdırma nəticəsində bizə məlum olacaq ki, bir çox başqa alimlər də bu hədisin doğru olmadığını bildirmişdir.
Prof. Dr. Şeyx Yusif Qaradavi, "Ümmətin 73 firqəyə bölünməsi hədisi” haqqında belə deyir: "Sünnə, əqaid və məzhəb kitablarında məşhur olan bu hədis vacib olan və hədəf seçilən vəhdət qarşısında problem yaradır. Geniş yayılmasına və məşhurluğuna görə insanlar onu yalnışlığı olmayan sabit bir hədis kimi qəbul edərək bir-birlərinə nəql edirlər. Lakin məşhurluğu sübut və səhih olması demək deyil. Bu, ümmətin yetmişdən çox firqəyə bölünməsi və birindən başqa hamısının cəhənnəmdə olacağı hədisidir. Hədisin zahiri göstərir ki, həmin firqə ümmətdə əbədidir və bu, ümmətin üzərinə yazılmış və ondan qurtulmaq da mümkün olmayan qədərdir. Obyektiv və bitərəf olmaqla sübutu və dəlaləti cəhətdən bu hədis haqqında danışmaq münasibdir”. Prof. Dr. Yusif Qaradavi daha sonra həmin hədisin sənədinin zəifliyi haqqında danışmağa başlayır…

Hədisin sənəd baxımından dəyəri
1. Əvvəlcə qeyd edək ki, bu hədis mövzusunun əhəmiyyətinə baxmayaraq iki səhih kitabda (Buxari və Müslim) gəlməmişdir. Bu isə onu göstərir ki, hədis şeyxeynin (iki şeyxin, yəni, Buxari və Müslimin) bir şərtinə belə uyğun olmamışdır.
2. Rəvayət olunan bəzi hədislərdə, birindən başqa bütün məzhəblərin cəhənnəmdə olduğu deyilməmiş və yalnız bölünmə və bir neçə məzhəbin olacağı zikr olunmuşdur. Bu, Əbu Davudun, Tirmizinin, İbn Macenin, İbn Həbbanın və Hakimin Əbu Hüreyrədən rəvayət etdikləri hədisdir. Həmin hədisdə deyilir: "Yəhudilər 71 və ya 72 firqəyə bölündü. Mənim ümmətim isə 71 firqəyə bölünəcək”.
Tirmizi hədis haqqında həsən, səhih desə də, İbn Həbban və Hakim onu səhih bilsə də, hədis Muhəmməd İbn Ömər İbn Əlqəmə İbn Vəqqas İbn Leysi ətrafında dövr edir.
"Təhzibul-Kəmal”da onun tərcümeyi halını oxuyan hər kəsə məlum olacaq ki, müəllif həmin ravinin hifzindən danışır və heç kəs onu mütləq olaraq siqə (etimadlı) bilmir. Hədisi zikr edənlər ondan ən zəif olanı daha üstün tuturlar. Ona görə də Hafiz, Təqribdə onu əlavə etməmiş və demişdir: "Onun doğruluğu haqqında şübhələr var. Dəqiqlik və hifzi ona əlavə etmədikcə, hətta doğru olması da kifayət etmir”.
Məlumdur ki, Tirmizi, İbn Həbban və Hakim səhih bilməkdə diqqətsiz olmuşlar. Hakim, təshih (səhih bilmək) şərtində addımlarının geniş olmasıyla vəsf olunmuşdur. O, burada həmin hədisi, Müslimin Muhəmməd ibn Öməri dəlil olaraq gətirdiyinə görə, yəni Müslimin şərti ilə səhih bilmişdir. Zəhəbi isə Muhəmməd ibn Öməri tək başına dəlil olaraq gətirməyi rədd etmiş, əksinə digərlərini əlavə etmək şərti ilə qəbul etmişdir.
Bundan başqa Əbu Hüreyrənin rəvayət etdiyi hədisdə birindən başqa bütün məzhəblərin cəhənnəmdə olması əlavəsi də yoxdur. Hansı ki, elə münaqişə də bu əlavənin ətrafında dövr edir.
Həmin əlavə ilə hədis Abdullah ibn Ömər, Müaviyə, Ofv ibn Malik və Ənəs vasitəsilə rəvayət edilmişdir ki, bunların hamısı da sənəd baxımından zəifdir.
Problem, parçalanmanın ümmətin alnına yazılmış və qurtulmağın mümkün olmadığı qəti bir qədər hökmündə təqdim edilməsindədir. Ümmətin, yəhudi və xristianlardan daha çox bölünməsi hökmündə də məsələ bu cürdür. Belə ki, onlardan fərqli olaraq, ümmətin birindən başqa bütün məzhəblərinin cəhənnəmdə olacağı məsələsi də sual doğurur. Üstəlik, problem ondadır ki, hər bir məzhəb özünün qurtulmuş, digər məzhəblərin isə həlak olacağını iddia edəcək. Bu da ümmətin parçalanması və məzhəblərin bir-birinə qarşı çıxmasına və beləliklə, ümmətin bütünlüklə zəifləməsi, düşmənin qüvvətlənməsinə gətirib çıxaracaq.
Ona görə də Əllamə İbnul Vəzir ümumilikdə bu hədisə və xüsusən də hədisdəki əlavəyə qarşı çıxmışdır. Çünki bu əlavə nəinki məzhəblərin bir-birini zəlalətdə ittiham etməsinə, hətta kafir adlandırmasına qədər fitnəyə səbəb olur.
Bu ümmətin üstünlüyündən danışan və ondan bir nəfəri belə təkfir etməyə qarşı çıxan Allahın rəhm etdiyi şəxs "Əvasim” adlı kitabında belə demişdir: "Birindən başqa hamısı cəhənnəmdədir xətasına düşməkdən çəkin. Bu fasid bir əlavədir və səhih deyildir. İnkarçıların hiyləsindən olan bir şeyə iman etmə”. İbn Həzmdən rəvayət olunmuşdur ki, həmin əlavə uydurmadır (mövzu) və nə mövquf (yəni Allah və Peyğəmbər tərəfindən müəyyən edilmək), nə də mərfudur (yəni hədisin Peyğəmbərə qədər sağlam sənədlərə gedib çıxması). Həmçinin qədəriyyənin, murciə və əşəriyyənin qınanılması xüsusunda varid olan bütün hədislər qüvvətli olmayan zəif hədislərdir.
3. Qədim və yeni alimlərdən bu hədisi sənəd, mətn və məna baxımından rədd edənlər vardır.
Onlardan biri Əbu Muhəmməd ibn Həzmdir. O, gətirdikləri dəlillərlə etiqadi ziddiyyətlərdən dolayı başqalarını təkfir edən şəxslərə cavab vermişdir. Təkfir üçün gətirilən dəlillərdən Peyğəmbərə istinad olunan iki hədisi zikr etmişdir. Onlardan birincisi, "Qədəriyyə və murciə bu ümmətin məcusudur”, ikincisi isə "Bu ümmət yetmişdən çox firqəyə bölünəcək, birindən başqa hamısı cəhənnəmdədir və yalnız biri cənnətdədir” hədisidir.
Əbu Muhəmməd bu iki hədisin sənəd baxımından qətiyyən səhih olmadığını qeyd edirdi. Xəbəri vahidi qəbul etməyən şəxsə görə də bunlar dəlil deyildir.
Yəmənli müctehid imam Muhəmməd İbrahim (Hicrətin 40-cı ilində vəfat etmişdir) "Əl-əvasim vəl Qəvasim” kitabında Müaviyənin rəvayət etdiyi hədisləri tərtib edərkən, 73 firqə hədisi haqqında belə demişdir: "Bu hədisin sənədi zəifdir və ondan bir şey belə düzgün deyil. Tirmizi bu hədisi Abdullah ibn Ömər ibn Asidən rəvayət etmiş və bu hədis qəribdir, demişdir. İbn Mace bu hədisi Ofv ibn Malik və Ənəsdən rəvayət etmişdir.
Bu hədislərin heç birində səhih bir şərt yoxdur. Buna görə də şeyxeyndən heç biri bu hədisdən bir şey belə nəql etməmişdir. Tirmizi yalnız bunlardan Muhəmməd ibn Ömər ibn Əlqəmə kanalından gələn Əbu Hüreyrənin hədisini səhih bilmişdir. Həmin hədisdə də "birindən başqa hamısı cəhənnəmdədir” əlavəsi yoxdur. İbn Həzm də bu əlavənin uydurma olduğunu demişdir”.
Hafiz ibn Kəsir "Ənam” surəsinin 65-ci ayəsinin təfsirində nəql etdiyi bu hədis haqqında nə səhih, nə də həsən demişdir. Buna baxmayaraq, o, ayənin təfsirində bu hədislər və onlarla əlaqəsi olan əsərləri zikr etməklə mövzunu uzatmışdır.
İmam Şəvkani, İbn Kəsirin gətirdiyi hədisləri nəql etmiş və sonra demişdir: "Birindən başqa hamısı cəhənnəmdədir” əlavəsinə gəldikdə, mühəddislər camaatı bunu zəif saymışlar. Hətta İbn Həzm onun haqqında "uydurma” demişdir”.
Qeyd edək ki, bu hədisin sənədinin səhih olub-olmaması haqqında Ayətullahul-Üzma Seyyid Muhəmməd Hüseyn Fəzlullaha (internet vasitəsilə) sual ünvanlamışdıq. Əllamə Fəzlullah sualımıza cavab olaraq belə demişdir: "ألحديث غير ثابت” "Bu hədis sabit deyil”.

Hədisin mətn baxımından dəyəri
1. Hədisin əksi.
Qeyd olunan hədisə əsasən 73 firqədən yalnız biri cənnətlik olacaqdır. Ancaq digər bir hədisdə bunun tam əksi göstərilmişdir. Deyilir ki, Həzrət Rəsulallah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurub: "Yəhudilər 71 firqəyə, Xristianlar 72 firqəyə bölündü. Mənim ümmətim isə 73 firqəyə bölünəcək. Birindən başqa hamısı cənnətdədir” (Muhəmməd Acluni, Kəşful-Hafa, Daru İhyait-Turasil-Arabi, Beyrut h.1351, I,150).
Əl-Əzhər Universitetinin şeyxi Muhəmməd Əbduh deyir: "Yetmiş üç firqədən hansının nicat tapması indiyə qədər bəlli olmayıb. Hər bir firqə özünü Qurana və Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsinə tabe olduğunu elan edir. Lakin məni sevindirən isə hədisin o biri variantıdır: "Yetmiş iki firqə Cənnətdə, bir firqə isə Cəhənnəmdədir”.
2. Qeyd olunan rəqəmlər reallıqla təzad təşkil edir.
"Yəhudilər 71 firqəyə, Xristianlar 72 firqəyə bölündü. Mənim ümmətim isə 73 firqəyə bölünəcək…” Bu hədisin qeyri səhih olduğunu təsbit edən bir digər dəlil isə, hədisdə yəhudilərin 71, xristianların isə 72 firqəyə bölündüklərinin bildirilməsidir. Halbuki, onların tarixində, xüsusi ilə də yəhudilərin tarixində belə bir fakt aşkarlanmamışdır. Həmçinin, fakt olaraq qeyd oluna bilər ki, mövcud firqələrin sayı göstərilən ədədə də çatmamışdır.
3. Qurani-Kərim hədisin zəifliyini təsbit edir.
"Yəhudilər 71 firqəyə, Xristianlar 72 firqəyə bölündü. Mənim ümmətim isə 73 firqəyə bölünəcək…” Hədisində Həzrət Muhəmmədin (Ona və ailəsinə Allahın salamı olsun) ümməti yəhudi və xaçpərəstlərdən fərqli olaraq daha çox firqəyə bölünəcəyi bildirilir. Halbuki, Qurani-Kərim yəhudilər barəsində belə buyurur: "Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq” (Maidə/64) Xaçpərəstlər haqqında isə belə buyurur: "Biz xaçpərəstik”, – deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Məhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!” (Maidə/14 ) Göründüyü kimi bu iki ayə 73 firqə hədisinin saxta olmasını gözəl bir bəyanla təsbit edir.
4. Həzrət Muhəmmədin ümməti üstündür.
Hədisin zahiri mənası vahid İslam ümməti barəsində mənfi fikirlər yaradır. Halbuki, Allah-Təala bu ümməti şəhadət məqamına qaldırmış və digər ümmətlərə şahid qərar vermiş, ümmətlər içərisində bu ümməti ən yaxşı ümmət kimi ortaya çıxarmışdır. Lakin Quran ayələrinin əksi olaraq qeyd olunan hədisin mənasına görə bu ümmət yəhudi və xristian ümmətlərindən daha pis gündədir. Hətta o dərəcəyə çatıb ki, onlardan daha artıq firqələrə bölünmüşdür.
Bütün bir həyat sistemi olan bu din müsəlmanlardan ibarət vahid bir ümmətin dinidir. Allah-Təala öz Kitabında buyurur: "Bu, bir ümmət olaraq sizin ümmətinizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də Mənə ibadət edin” (Ənbiya/92). Allah-Təala digər ayələrdə belə buyurur: "Allah qatında din yalnız İslamdır…” (Ali-İmran/19) "Kim İslamdan başqa bir din ardınca gedərsə, o din ondan heç zaman qəbul olunmaz və o, Axirətdə zərər çəkənlərdən olar” (Ali-İmran/85).
Prof. Dr. Şeyx Yusif Qaradavi belə deyir: "Mənim rəyim budur ki, bir hədisin çoxlu yollarla rəvayət olunması və bu yönümdən qüvvətli sayılması bütün hallarda qəbul edilmir. Neçə belə hədislər vardır ki, sənədləri çox tərəfli olsa da, onu hədis alimləri zəif saymışlar. Belə hədislər o vaxt qəbul edilə bilər ki, ona məna baxımından zidd olan ayə və ya hədis olmasın. İslam ümmətinin yetmiş üç firqəyə bölünməsindəki ziddiyyət isə ondan ibarətdir ki, yəhudilər yetmiş bir, xaçpərəstlər yetmiş iki firqəyə bölündüyü halda, ümmətlər içərisində seçilmiş ümmət sayılan İslam ümməti onlardan daha çox firqələrə bölünmüşdür. Bu hədisin qəbul olunmamasının bir tərəfi, digər tərəfi isə İslam ümmətinin bir firqəsindən başqa qalanlarının Cəhənnəmdə həlak olması məsələsidir. Bu məsələ isə hər bir firqənin təkcə onun nicat tapıb, başqalarının isə Cəhənnəmlik olması iddiasına səbəb olur. Bu elə özü ümmətin parçalanması, firqələrin bir-birinə tənə vurması, nəticə etibarı ilə düşmənin qələbəsi deməkdir”.
5. Hədis ilə üsuli-din arasında təzad
Məlumdur ki, üsuli-dini qəbul edən hər bir şəxs müsəlman, onu inkar edən isə kafir adlanır. Üsuli-din, (yəni dinin əsli, təməl prinsipi) aşağıdakılardır:
1. Tövhid- Allahın varlığını və birliyini qəbul etmək;
2. Nübuvvət- Həzrət Muhəmmədin (Ona və ailəsinə Allahın salamı olsun) peyğəmbərliyinin haqq olmasını qəbul etmək;
3. Məad-ölümdən sonrakı axirət həyatının haqq olmasını qəbul etmək;
Həzrət Rəsulullah, bu əsaslara inanan, etiqad edən şəxsin müsalman, bu prinsiplərdən istər birini, istərsədə hamısını inkar edən şəxsin də kafir olduğunu bildirmişdir.
Bütün məzhəblər bu təməl etiqad üzərində ittifaq edirlər. Əsasən ixtilaf üsuli-dində yox, fürui-din məsələləri üzərində dövr edir. Fürui-dinin təfərrüatları üzərində edilən bu ixtilaflar, məzhəb mənsubları arasında mövcud olan fikir müxtəlifliyindən qaynaqlanır. Hər bir məzhəb fürui-dinin təfərrüatındakı məsələlərini elmi dəlillərə söykəyirlər. Bu da "Bilmədiyin bir şeyin ardınca getmə” (İsra/36) ayəsinə əsasən, təbiidir.
Üsuli-dinə etiqadı olan məzhəblər, Peyğəmbərin ümmətindən hesab olunur. Peyğəmbərin ümmətindən olan bir şəxs isə Allahın icazəsi ilə heç vaxt əbədi olaraq cəhənnəmdə qalmaz. Qəlbində zərrə qədər imanı olan bir müsəlman nə qədər günahkar olsa da əbədi olaraq cəhənnəmdə qalmaz, əksinə cəhənnəmdə əzab çəkdikdən sonra cənnətə gedər. Çünki o, Həzrət Muhəmmədin (Ona və ailəsinə Allahın salamı olsun) ümmətindəndir.
Dr. Əbubəkr Sifil belə deyir: "…Bu rəvayətlərdə keçdiyi kimi, birindən başqa digər firqələrin "odda” (cəhənnəmdə) olmasından, həmin firqələrin küfrdə olduqlarına görə əbədi olaraq əzabda qalacağı şəklində sənin nəticə çıxarmağının da doğru olmamasını bildirək. Çünki həmin rəvayətlərin bir çoxunun əvvəlində "Mənim ümmətim” və ya "Bu ümmət kimi” ifadələrin keçməsinə diqqət edilməlidir”.
Quran və Sünnəni tərk edərək, qəlbində zərrə qədər imana sahib olmayan bir şəxs, təbii ki, İslam ümmətindən hesab edilməz və o, əbədi olaraq cəhənnəmdə qalar.
Əslində cəhənnəmə aparan səbəb lər vardır ki, bu səbəbləri bir məzhəbə yox, bir fərdə aid etmək olar. Belə ki, bir şəxsin cəhənnəmlik olması üçün kafir, müşrik, münafiq olması və ya başqa səbəblər lazımdır. Bir daha vurğalayaq ki, bu, məzhəbə yox, fərdə aid olan məsələdir. Bütün məzhəblər Həzrət Rəsulullahı örnək olaraq qəbul edir və onun sünnəsinə əsasən əməl etməyə səy göstərirlər. Sünnənin keyfiyyətindəki bəzi məsələlərin təfərrüat və həqiqəti isə bəzən hədis və tarix vasitəsilə müəyyən olunur. Bu halda bəzi hədislərin bəzilərinə görə zəif, digərlərinə görə isə güclü olması, əsasən, ixtilaf yaradır. Bu da təbii qarşılanmalıdır. Alimlər belə hədisləri araşdırmalı və hədisin həqiqətlərini üzə çıxarmağa çalışmalıdırlar.
6. Küfr və ya zəlalətdə ittiham.
Bu hədisin səhihliyini qəbul edən biri, digər müsəlmanlara münasibəti necə olacaq? Cavab aydındır. Özünü qurtulan biləcəksə digərini küfr və ya zəlalətdə (azğınlıqda) ittiham edəcəkdir.
Görkəmli alim İbn Vəzir ümumiyyətlə bu hədisə tənə ilə yanaşmış, xüsusi ilə də "bir firqədən başqa qalanları Cəhənnəmdə həlak olacaqdır” əlavəsini qəbul etməmişdir. O, bu hədisin İslam ümmətinin öz arasında parçalanmasına, müsəlmanların bir-birini kafir hesab etməsinə və zəlalətdə görməsinə səbəb olduğunu vurğulamışdır.
7. Hədisin təvili.
Bu hədisi təvil edənlər də maraqlı nüanslara toxunmuşlar:
a) Ərəb dilində 7, 70, 700 kimi ifadələr çoxluğu ifadə edir. Məsələn, "yeddi səma” (Bəqərə/29), "yeddi dəniz” (Loğman/27), "onlar üçün 70 dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq” (Tövbə/80). "İman 70 hissədən ibarətdir” (Hədis-Müslim, İman,58) üslubundakı nəsslərdə bunu görə bilərik. Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) Qurandan sonra ən bəlağətli və fəsahətli ifadələr işlədən insan idi. Onun sözlərində bu rəqəmləri işlətməsi danışıq tərzinin bir parçası idi. Bəzən, deyilən əsl sayı yox, çoxluğu ifadə etmək üçün işlənərdi. Məsələn, Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı olsun) 3, 7, 40, 70 kimi kimi saylar işlətmişdir. Məsələn: "Münafiqin 3 əlaməti vardır” deyərdi. Bəs əslində münafiqin əlaməti üçdürmü? Xeyr, deyildir. Quranda axtarış aparılsa, yüzlərlə əlamət tapılar. Saylarla cümləni hafizədə kodlaşdırmaq çox asandır.
b) "73 firqə” hədislərində qeyd olunan "birindən başqa hamısı oddadır (cəhənnəmlikdir)” ifadəsi haqqında Mövlud Özlər belə deyir: "Bu, birbaşa odda olmağa yox, Quran və Sünnənin yolundan ibarət olan haqqa, doğruya yetişməməyi ifadə edir. Həzrət Peyğəmbər (Ona və ailəsinə Allahın salamı olsun) belə deyərək onların görüş və düşüncələrinin səhvliyinə diqqət çəkmişdir” ("İslam Düşüncəsində 73 Firqə anlayışı”, Nun yayın evi, İstanbul-1996, səh.122).
c) Şatibi eyni məsələdə buna diqqət çəkir: "Birindən başqa hamısı cəhənnəmdədir” ifadəsi zahirdə təhdid hökmünü lüzumlu edir. Cəhənnəmdə əbədilik və ya əbədi olma, "məskutun anhdır”, yəni müəyyən edilməmişdir. Buna görə də bu ifadədə, cəhənnəmdə əbədiliyə bir dəlil yoxdur. Çünki cəhənnəmlə təhdid kafirlərə qarşı olduğu kimi, asi mömünlərə qarşı da ola bilər” ("Əl-İtisam”, Əbu İshaq Şatibi, Darul-Kutubil-İlmiyyə, Beyrut, 1995, səh.413).
d) "Ümmətim 73 firqəyə ayrılacaq, birindən başqa hamısı cənnətə gedər” hədisi ilə "Ümmətim 73 firqəyə ayrılacaq, bunlardan yalnız biri cənnətə daxil olacaqdır” hədisi arasında zahirən ziddiyyət görsənir. Burada bu hədisi təvil etsək belə bir məna anlaşılır: İkisi də eyni şeyi ifadə edir. "Cənnətə gedəcək” ifadəsi, heç də behiştə birbaşa daxil olmaq demək deyildir. Bunu "cəhənnəmdə cəzalarını çəkdikdən sonra cənnətə gedəcəklər” kimi başa düşmək lazımdır. Ümmət neçə firqəyə ayrılarsa ayrılsın, küfr etməyən, Allaha şərik qoşmayan, yəni zərrə qədər imanı olan, əlbəttə cənnətə gedəcəkdir. Bir neçə hədisə diqqət edək: "Din qardaşını ziyarət edən cənnətdədir”, "Comərd cənnətə gedər”, "Yatağa girdikdə yüz dəfə "İxlas” surəsini oxuyan cənnətə girər”. Din qardaşını ziyarət etmək, comərd olmaq və İxlas surəsi oxumaqla digər günahlarının cəzasını çəkmədən cənnətə getmək olarmı? Sözsüz ki, bunlar açıqlama tələb edən hədislərdir. Yəni etiqadı doğrudursa, savabları günahlarından çoxdursa, yaxud bağışlanıb və ya şəfaətə nail olubsa onda din qardaşını ziyarət edən, comərd olan və yüz dəfə "İxlas” surəsini oxuyan şəxs cənnətə daxil olar. Burada iman şərtdir. Nə qədər yaxşılıq etsə də, insanlığa xidmət göstərsə də, iman əhli olmadıqca cənnətə daxil olmaz. İki hədisin təvili bu şəkildədir. "Cənnətə müsəlman olan daxil olar”, (Hədis-Buxari, Müslim) "Cəbrail (Ona Allahın salamı olsun), Allaha şirk qoşmadan ölən hər bir şəxsin mütləq olaraq cənnətə girəcəyini müjdələdi” (Buxari). Günahlarının cəzasını çəkdikdən və ya şəfaətə qovuşduqdan sonra cənnətə daxil olmaq olar. Hədisdə cənnətə girən şəxsin sifətləri verilmişdir. "Xalqdan bir şey istəməyəcəyinə söz verənin cənnətə girəcəyinə zaminəm” (Nəsai). "Çox günahkar olan bir şəxs, günahlarının cəzasını çəkmədən və ya şəfaətə qovuşmadan, əlbəttə, cənnətə girməz”. "Cənnətə təmizlər girər” (Deyləmi). "Kibrdən uzaq olduğu halda ölən cənnətə girər” (Tirmizi). "İki qız övladına qarşı gözəl davranan, mütləq cənnətə girər” (İbn Mace).
"Şərtsiz bildirilən bir hökmün şərtli olaraq başa düşülməsi” haqqındakı misala diqqət edək: Məsələn, qoyun əti yemək icazəlidir. Hökm şərtsiz bildirilmişdir. Qoyun əti icazəlidir deyə canlı bir qoyunun bir budunu kəsib yeyə bilmərik. Qeyri-müsəlman kəsərsə və ya öz-özlüyündən ölərsə, leş olar və yeyilməsi icazəli olmaz. Bismillahsız kəsilərsə də yeyilməz.
Qeyd olunan bu misal başa düşüldükdə, firqələrin hansı şərtlər altında cənnətə gedəcəyi başa düşülür.
Bu deyilənlər hədisin təvili idi. Ancaq yuxarıda qeyd edilən bir çox dəlillər hədisin saxta olduğunu gün kimi ortaya qoyur.

Müsəlmanın vəzifəsi
Müsəlmanın, Allah istəyən bir həyat yaşaması üçün hər zamankı vəzifəsi Quran və Sünnəyə müraciət etməkdən ibarətdir. Bu müraciətlə o, öz mükəlləfiyyətini icra etmiş olar. Qurani-Kərimdə buyrulur: "Aranızda yaranacaq problemi Allaha və Rəsuluna həvalə edin” (Nisa/59). Burada "Allaha” deyildikdə "Quran”, "Rəsula” deyildikdə isə "Sünnə” nəzərdə tutula bilər. Bir hədisdə deyilir ki, Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) yerə bir xətt çəkir və "Doğru yol budur”-deyə buyurur. Sonra bu xəttin sağ və sol tərəfinə çoxlu xətt çəkir və "Bunlar da başqa yollardır. Bunlardan hər birinin üstündə o yola çağıran bir şeytan vardır”-deyə buyurur və Ənam surəsinin 153-cü ayəsini oxuyur: "Bu şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” ("Təfsirul-Quranil-Əzim”, İbn Kəsir, Kahraman yayını, İstanbul.1985, III cild, səh. 360; Qurtibi, "Əl-Cami Liəhkamil-Quran”, Darul-Kutubil-İlmiyyə, Beyrut, 1993, VII cild, səh. 90; "Məfatihul-Ğeyb” (Təfsiru Kəbr), Fəxrəddin Razi, Daru İhyait-Turasil-Arabi, XIV cild, səh.3)
Allah Rəsulunun sünnəsinə tabe olan bir camaat təbii ki, qurtulan bir camaatdır. Bu Sünnəyə tabeçilik də elmə əsasən müəyyən olunur. Hər bir məzhəb nümayəndəsi, Peyğəmbər sünnəsinin keyfiyyətini elm və yəqinliklə müəyyən edib, Sünnəyə bu sabitlik üzərində tabe olaraq, onu yaşayarsa belə şəxs mömindir. Möminin isə yeri od yox, cənnətdir. Quranda buyrulur: "Bilmədiyin bir şeyin ardınca getmə” (İsra/36).
Həzrət Rəsulullah bütün məzhəblərin qəbul etdiyi bir dəyərdir. Allah-Təala öz Kitabında insanları Peyğəmbərə doğru istiqamətləndirmişdir. Çünki o, insanlıq üçün örnək şəxsiyyətdir. Bir neçə ayəyə diqqət edək: "Həqiqətən, Allahın Rəsulunda Allah və qiyamət gününə ümid bəsləyənlər və Allahı çox-çox zikr edənlər üçün gözəl örnək vardır” (Əhzab/21). "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir” (Həşr/7). "Əgər sənə (sənin bu dəvətinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan haqq yolundan daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı düz yola müvəffəq etməz! (Ya Rəsulum) de: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır rəhimlidir!” (Ali-İmran/31)
Beləliklə, yol və istiqamət məlum olur. Peyğəmbərin həyat tərzinə müvafiq həyat tərzi surən bir şəxs mömindir. Bu da, hər bir məzhəb tərəfdarına aid olan bir məsələdir.
Bir ayədə buyrulur: "Bütün insanları öz rəhbərləri ilə çağıracağımız o gündə kimlərin əməl dəftəri sağından verilərsə, onlar, zərrə qədər zülm edilməmiş olaraq əməl dəftərlərini oxuyacaqlar” (İsra/71). Qazi Beyzavi bu ayəni "Hər ümməti Peyğəmbəri və dində tabe olduqları məzhəb imamları ilə birlikdə çağırarıq”- şəklində açıqlamışdır.
Araşdırmamızın son sözü kimi qeyd etmək istərdim ki, müsəlmanlar hər deyilən (söylənən saxta hədislərə və ya mövhümatla dolu) sözə yox, Quran və Sünnəyə əsaslanan sözə tabe olmalıdırlar. Uca Allah öz Kitabında belə buyurur: "O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (Zümər/18)

//Anar İmanzadə//


Категория: Məqalələr | Просмотров: 4367 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz