Bazar ertəsi, 20.11.2017, 23:47
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » Avqust » 21 » 10 Ramazan Xanım Xədicənin Vəfatı günüdür
16:45
10 Ramazan Xanım Xədicənin Vəfatı günüdür

http://i060.radikal.ru/1008/c0/5c4acb3b09ce.jpg

Bismillahir Rahmanir Rahim
Selamun Aleykum
Ramazan ayinin 10-cu gunu ALLAh-in izni ile
Peygember(s.a.a.s)-in sevimli heyat yoldashi Xanim Xedice(e)-in vefati gunudur
2 ruket hediyye namazi qilmagi unutmayin
niyyeti Hz Xedice Xanim(e) ucun 2 ruket hediyye namazi qiliram qurbeten Ilel-Lah
qilinmasi subh namazi kimidir.

Möminlər anası həzrəti Xədicə

İslam dini tarixində şücaətli, səxavətli, öz dini üçün varlığından keçən qadınlardan danışanda üç qadın insanı heyrətə salır. Görəsən o şücaətli qadınlar kimlərdir və onlar kimdən dərs alıblar?
Bu suala belə cavab vermək olar. "O qadınlar Allahın öz peyğəmbərini onlara ustad seçdiyi, islam dinində xidmət etmək üçün sevib seçdiyi bəndələri idi." O qadınların birincisi Allahın rəsulunun həyat yoldaşı həzrəti Xədicə idi. O, islam dininə ilk iman gətirmiş və bu din uğrunda uzun illər boyu əldə etdiyi sərvətini sərf etmişdir. O qadınların ikincisi həzrəti Xədicənin qızı xanım Zəhradır (s). Şücaətdə, ismətdə, möminəlikdə, xülasə dünya qadınlarına nümunə olmaqda, onun misli yoxdur. O qadınların üçüncüsü isə xanım Zəhranım qızı, İmam Hüseynin gözü yaşlı bacısı, səbri ilə səmada mələkləri heyrətə salan, Kərbəla qəhrəmanı və qəhrəmanlar anası xanım Zeynəbdir. Amma bizim söhbətimiz bu ilahi qadınların anası olan həzrəti Xədicə haqqında olacaq.
Həzrəti Xədicə besətdən 55 il qabaq təkallahlı (monoteist) ailədə dünyaya göz açmışdır. Onun atası Xuvəylid ibn Əsəd və anası Fatimə binti Zəhahədir. Həzrət Xədicə hər iki tərəfdən, həm ana, həm də ata tərəfdən Rəsulullahla qohumdur. Ata tərəfdən Xuvəylid ibn Əsəd ibni Əbdulğuzza ibn Qusayy ibn Kilab. (Kilab Rəsulullahın dördüncü babasıdır). Ana tərəfdən isə: Fatimə (Həzrət Xədicənin anası) binti Zaidət ibn Əsim ibn Rəvahət ibn Həcər ibn Əbd ibn Məğis ibn Amir ibn Luvəy ibn Ğalib. Luvəy ibn Ğalib Rəsulullahın səkkizinci babasıdır. Bəs Həzrəti Peyğəmbərlə Xanım Xədicə əmi oğlu əmi qızı olurlar.
Həzrəti Xədicənin ləqəbləri
Həzrəti Xədicə müsəlman olmazdan öncə, cahil ərəb dünyasında özünə layiqli ləqəblər qazanmışdır. Hətta İncildə o ləyaqətli xanım barəsində Həzrəti İsanın(ə) söylədiklərinə rast gəlmək olur. Mərhum Muhəddis Qumi öz kitabında həzrəti İsadan belə nəql edir: Onun nəsli cox bərəkətlidir və behiştdə anam Məryəmlə bir yerdə olacaq. (Kəhəl bəsər, cild 21, səhifə 70) Bu səbəbdən əmisi Vərəqət ibn Nofəl (xanım Xədicənin əmisi) onu Mübarəkə adlandırmışdı. O həzrətiin digər ləqəbləri isə "Qadınların sərvəri”, "Tahirə”, "Kubra” və "Ğurra” idi ki, Cahil ərəblərin qadınlara insan kimi məhəl qoymamasına, dünyaya gələn qız uşaqlarını diri- diri basdırıb yandırmalarına baxmayaraq, xanım Xədicə öz məqamını dəyanəti, səxavəti və şücaəti ilə onların yanında qazanmışdı. Həzrəti Peyğəmbər onun islam dinindən qabaqkı səxavətini belə xatırlayır: "Mən Xədicə kimi karvan başçısı görmədim. Hər vaxt mən və dostum işimizi bitirib onun yanına gedərdik. O, bizim üçün dadlı yeməklər hazırlayar və bizə təqdim edərdi." O həzrətin belə səxavətli və zəkalı işləri cahil ərəblərin o ləyaqətli xanımın mətanəti qarşısında susmalarına və onu gözəl ləqəblərlə çağırmalarına səbəb oldu.
Həzrəti Xədicənin Rəsulullaha məhəbbəti.
Qeyd etdiyimiz kimi Həzrət Xədicə xristian ailəsindən olmuşdur. Çünki o həzrətin əmisi Vərəqət ibn Nofəl, o dövrün böyük alimlərindən idi. Vərəqət ibn Nofəl elə bir şəxslərdən idi ki, bütləri pisləyib uzun müddət din axtarışında olmuş, nəhayət xristianlığı haqq din olaraq qəbul etmişdir. Bu səbəbdən də onun ailəsi xristianlığı qəbul etmişdir. Həzrəti Xədicə də xristian ailəsindən olduğundan axirəzzəman peyğəmbər haqqında çox məlumatı var idi. Hətta onun nişanələrini də bilir və daim bunun haqqinda əmisindən sual edirdi. Bu barədə yuxular da görür və bilirdi ki, axirəzzəman peyğəmbər Məkkə şəhərində zühur edəcək.
Bir gün xanım Xədicə qulamqaravaşının içində oturmuşdu və bir yəhudi alimi də orada idi. Birdən o yəhudi alimin gözü Rəsulullaha düşdü və onun kim olduğunu xəbər aldı. Xanım Xədicə o həzrətin kim olduğunu dedi və o yəhudi aliminə də tapşırdı ki, onunla işi olmasın. Çünki əmiləri onun yəhudilərdən qoruyur. Yəhudi alimi xanım Xədicədən xahiş edir ki, o Həzrəti onun yanına çağırsın. O, Rəsulullahı çağırdı və ondan xahiş edir ki, yəhudi alimin suallarına cavab versin. Yəhudi həzrəti Peyğəmbərdən xahiş etdi ki, köynəyini qaldırsın. Həzrət Peyğəmbər də onun xahişini qəbul edir və köynəyini qaldırır. Yəhudi alim Rəsulullahın mubarək bədənində peyğəmbərliyin nişanəsini görüb deyir: And ola Allaha ki, heç kəs bu cavana zərər vura bilməz. Çünki o axirəzzəman peyğəmbərdir və xoş o qadının halina ki, onun xanımı olacaq və bununla özunə izzət və şərafət qazanacaq. Xanım Xədicə bu sözlərdən təsirləndi və o gündən Rəsulullahın məhəbbəti onun qəlbində daha da çiçəklənməyə başladı.
Həzrəti Xədicənin Peyğəmbərlə (s) evlənməsi
Bəzi tarixçilərin fikri budur ki, həzrəti Xədicə Rəsulullahla evlənməzdən öncə, iki dəfə evlənmiş və həyat yoldaşları vəfat etmişdir. Hətta o Həzrətin övladlarının adlarını öz tarix kitablarında qeyd ediblər. Bunu da qeyd edək ki, bu yalnış hadisəyə bəzi şiə kitablarında da rast gəlmək olur. Bunu qeyd edək ki, bu yalnış hadisəni qeyd edən şiə muəllifləri tarixçi deyildirlər və onların kitabı bu hadisənin düzlüyünə dəlil ola bilməz. Amma islam tarixi səhifələrində özünə xüsusi yer tutmuş mərhum Seyyid Mürtəza kimi şəxsiyyətlər bu hadisənin düzgün olmadığını vurğulayır. Bəzi əhli sünnə kitabları həzrəti Pyeğəmbərin ilk bakirə həyat yoldaşı, Ayişə olduğunu qeyd edirlər və bunula onun Peyğəmbərin digər xanımlardan üstün olduğunu bildirirlər. Peyğəmbərin həyatında ilk bakirə qadının xanım Xədicə olmasına olan dəlillərimiz:
1.Həzrəti Xədicənin ləqəblərindən biri Tahirədir. "Tahirə" qədim ərəb mədəniyyətində öz nəsil-nəcabətinin şərəfini qorumaq üçün heç kəsə ərə getməyən qadına deyərdilər.
2.İbn Şəhr Aşub Seyyid Murtəzadan belə nəql edir: Rəsulullah Xədicə ilə evlənəndə o "Duşizə" idi.(Duşizə həm cavan, həm də ərə getməyən bakirə qadına deyərlər) Mənaqib ali Əbutalib, cild 1, s 138.
3.Xanıim Xədicəyə bütün qureyş böyüklərindən elçi gəlməyinə baxmayaraq, xanım onlara rədd cavabı vermişdi. Bu hadisədə bütün tarixçilərin nəzərləri birdir. Amma əliboş və heç bir sərvətə malik olmayan Peyğmbərlə evlənəndə, Qureyş qadınlarının məzzəmətinə məruz qalmışdı. Belə bir sual yarana bilər ki, niyə atası onu məcburi surətdə varlı Qureyş başçılarına ərə verməmişdi? Cavabı budur ki, xanım Xədicənin atası "Fəcra" döyüşündə həlak olmuş və o əmisi Vərəqət ibn Nofəlin himayəsində olmuşdur.(əl istiğasə, cild 1, s 70 və təbəqatul kubra, cild 1, s 133)
4.Xanım Xədicəyə nisbət verilən ərlər və uşaqların adları qeyd olunan sənədlə də ixtilaflıdır və bir- birləri ilə uyğun deyillər. Məsələn: Hind qadın idi, yoxsa kişi? (xanıma nisbət verilən övlad) ya o Əbuhalənin övladı idi, ya Ətiqin? (xanıma nisbət verilən ərlər) Hind xanım Xədicənin övladı idi ya Əbuhalə və Ətiqin başqa arvaddan olan övladlarından biri idi, və ya Onu övladlığa göturmüşdü? (ətraflı məlumat üçün "əssəhihi min sirəti nəbiyəl əzəm"kitabına müraciət edə bilər. ikinci cild,səhifə 122.)
5.Tarixdə xanım Xədicənin təkcə Peyğəmbərlə (s) evlənməsinə, övladlarının sayına və adlarına kifayət qədər dəlilimiz var. Bundan əlavə xanım Xədicənin evlənməsinə heç bir tarixi şahidimiz yoxdur. Bunu da qeyd edək ki, xanım Xədicənin evində, onun vəfat etmiş bacısının övladları məskunlaşmışdı ki, xanım Xədicə Peyğəmbərələ (s) evləndikdən sonra onlara Məhəmmədin (s) övladları deyirdilər. Buna da ərəblərin içində adi baxılırdı. Hətta ərəblərdə başqasının uşağını özlərinə övladlığa götürmələri adət idi. Məsələn: Zeyd ibn Harisə Məhəmməd ibn Zeyd deyirdilər. (ətraflı məlumat üçün, bənatin nəbi umm rubaiyə. Fars dilinə tərcuməsi: "Doxtəran ya doxtərxandehayi peyambər”, kitabına müraciət edə bilərsiz. Müəllif Əllamə Seyyid Cəfər Murtəza).
Həzrəti Peyğəmbər besətdən 15 il qabaq rəbiyəl-əvvəl ayının 15- də xanım Xədicə ilə ailə qurumaqla o ləyaqətli xanımın Allah-taala yanında daha da məqamını ucaltdı. Dünya yaranan gündən elə bir toy mərasimi tapılmaz ki, Peyğəmbərlə (s) xanım Xədicənin toyu mislində bərəkətli olsun. Bu toyun bəhrəsindən dünya xanımlarının sərvəri olan Fatimeyi Zəhra (s) və onun on bir övladı dünyaya gəldi.
O gündən xanım Xədicənin Qureyş qadınları ilə ilk mübarizəsi başladı. Qureyş qadınları xanım Xədicəyə tənə vurur, onun şəxsiyyətini "əmi himayəsində böyüyən kimsə ilə evləndiyi üçün" pisləyirdilər. Buna baxmayaraq xanım Xədicə zəkalı cavabları ilə həzrəti Peyğəmbərin (s) məqamının nə qədər uca olduğunu onlara sübut edir və cavablarını layiqincə verib, onları susudururdu. Hətta bir dəfə məclis qurub, onları bu məclisə dəvət etdi. Məclisin sonunda ayağa qalxaraq üzünü Qureyş qadınlarına tutub sual etdi: "Ey Qureyş qadınları! Eşitmişəm siz və ərləriniz, mənim Məhəmmədlə (s) evlənməyimi pis mənalandırıb, bu işdə bizə irad tutursuz. Mən sizdən soruşuram, Məkkə və onun ətrafında Məhəmməddən (s) zəkalı, kamil, əxlaqlı və əmin bir şəxs tapılararmı? Məhəmməd barəsində eşitdikləriniz gözəl sifətləri, ondan başqası barəsində də eşitmisinizmi?
Məkkə qadınları öz səhflərini başa düşüb xanım Xədicənin sualları qarşısında susdular. Buna baxmayaraq bir cox Qureyş qadınları o ləyaqətli xanımı məzəmmət edir, onunla bütün əlaqələrini kəsmişdilər. Hətta ona salam belə vermirdilər. Xanım Xədicə həzrəti Zəhraya (s) hamilə olanda cox nigaran idi ki, uşağı necə dünyaya gətirəcək. Çünki elə bir xanım yox idi ki, bu cətin anlarda ona yardımçı olsun və ona qayğı göstərsin. Amma xanım Zəhranı (s) dünyaya gətirmək zamanı yetişəndə, birdən həzrəti Xədicə dörd xanımın onun yanında hazır olduğunu müşahidə etdi. Onlar xanım Xədicəyə təbəssüm edir və ona qayğı göstərirdilər. Xanım Xədicə o xanımların kim olduğunu soruşduqda belə cavab verdilər: Biz Allah taalanın əmri ilə sənə xidmət etməyə gəlmiş bacılarınıq. Mənim adım Sara, bu sənin behiştdəki həmdəmin Asya, bu Məryəm İmran qızı, o da Həzrəti Şueybin qızı Safuradır. (biharul ənvar, c 16, s 80) Behişt xanımlarının Allahın əmri ilə xanım Xədicənin xidmətinə gəlməsi, onun Allah yanında məqamının uca olması üçün dəlildir. (Bu bizim üçün gözəl bir nümunədir ki, evlənəndə Allah bəyənən xanımlarla ailə quraq. Çünki həzrəti Peyğəmbər üçün xanım Xədicənin təqvası və ona ləyaqətli həyat yoldaşı olması mühüm idi, nəinki sərvəti və gözəlliyi. Bu səbəbdən də həzrəti Peyğəmbərimiz (s) buyurub: Hər vaxt qızlarınıza əxlaqlı və dinində saleh bəndələr elçiliyə gəldi onlara yox deməyin.(vəsailuişiə, c 14, s 19) Başqa bir hədisdə isə belə buyurub: Əxlaqsız ailələrdə dünyaya gələn gözəl qadınlarla ailə qurmaqdan çəkinin. (biharul ənvar, c 16, s 71)
Həzrəti Xədicə Rəsulullahla (s) evləndikdən sonra bütün var dövlətini o həzrətiin ixtiyarında qoydu. Rəsulullah da bu sərvətdən fəqirlərə paylayır, yetim və kimsəsizləri himayə edirdi. Artıq həzrəti Xədicənin evi yetimlərin sığınacaq və ümid yeri olmuşdu. Hər kəs o qapıya əliboş və qarnıac gəlirdisə, ümid dolu və qarnıtox qayıdırdı. Həzrəti Xədicə Rəsulullahın bu işindən sevinib ,ona bu işdə kömək edirdi.
Bildiyimiz kimi Rəsulullah (s) besətdən qabaq hər il mübarək ramazan ayında Hira (Hira dağı Məkkənin 6 kilometirliyində, şəhərin şimal şərqində yerləşir) dağına gedər və bütün ayı orada ibadətlə məşğul olardı. Digər aylarda isə iki ya üç dəfə o dağa gedər, gecə və gündüzü orada ibadətlə məşğul olardı. İmam Hadi (ə) bu məsələyə işarə edərək belə buyurur: İslam Peyğəmbəri (s) hər vaxt Şam ticarətindən qayıdanda, əldə etdyi bütün qazancını yetimlərə və fəqirlərə verər və hər gün sübh Hira dağına gedərdi. Hira dağından Allah taalanın əzəmətinə və böyüklüyünə (yaratdıqlarına) tamaşa edər və orada çoxlu ibadət edərdi.(biharul ənvar, c 17,s 309)
Hər vaxt Rəsulullah (s) Hira dağına gedəndə xanım Xədicə nəinki ona mane olmurdu, hətta həzrəti Əli (ə) ilə ona yemək hazirlayıb aparardı. Düzdür ki, o vaxtlar Rəsulullah hələ Allah taala tərəfindən risalət yükünü öhdəsinə götürməmişdi, amma xanım Xədicə qəlbən o həzrətə iman gətirmişdi. Daim Rəsulullaha ibadi və mənəvi işlərində yardımçı olmağa çalışır və islam peyğəmbərinin nigarançılığına səbəb olan bir iş görmürdü. Odur ki, Peyğəmbər (s) xanım Xədicəni xatırlayanda mübarək gözləri yaşla dolardı. Əllamə Məclisi öz kitabında belə yazır: Bir çox əhli sünnə kitablarında belə qeyd olunub ki, Rəsulullaha ilk dəfə vəhy nazil olanda xanım Xədicə və həzrəti Əli (ə) o həzrətiin yanında idi. (biharul ənvar, c 15, s 363) Bu səbəbdən də Məkkə qadıları və kişiləri bütə ibadət edəndə xanım Xədicə və həzrəti Əli Allaha və onun Rəsuluna iman gətirmişdilər. İmam Hüsüyn (ə) Kərbəlada məlun Yezidin qoşununa etdiyi xütbələrin birində belə buyurur: "Sizi and verirəm Alılaha, bilmirsinizmi mənim anam Xədicə binti Xuvəylid ilk iman gətirən qadındır? Ordaki məlunlar bir ağızdan cavab verdilər, bilirik."(biharul ənvar, c 44, s 318). Mərhum Əllamə Əmini öz kitabında əhli sünnə alimlərinin nəzərlərini belə yazır: Peyğəmbər peyğəmbərliyə çatdığı günün sübhü, xanım Xədicə isə axşamı namaz qıldılar. Həzrəti Əli (ə) isə o günün səhərisi namaz qıldı.(əl ğədir, c 3, s 227)
Qeyd etdiyimiz kimi xanım Xədicə xeyli vaxt idi ki, iman gətrimişdi. Amma o gün (rəcəb ayının iyirmi yeddisi, amul filin qırxıncı ili) imanını dilə gətirib rəsmi surətdə islam dinin vacibatlarına əməl etməyə başladı. Xanım Xədicə islam məktəbinə ayaq basdığı gündən ikiknci mübarizə qapısı onun üzünə açıldı. Bütpərəst və inadkar Məkkə camaatı islam dininə hücum etdikdə xanım Xədicə Rəsulullahla (s) çiyin çiyinə hidayət məktəbində addımlayır və bu yolda onlarla mübarizə aparırdı. Islam tarixçiləri o mübariz xanımın barəsində belə yazırlar" Xədicə Rəsulullahın çətin günlərində ona ən gözəl vəzir idi. Peyğəmbər xanım Xədicənin ona qarşı göstərdiyi məhəbbətdən rahatlıq tapır və öz risalət yolunda vüqarla addımlayırdı. Xanım Xədicə Peyğəmbərlə 3 il gizli ibadət edib təqiyyə saxlayırdı.
Rəsulullah islam dinini aşkar edəndə xanım Xədicə üçün üçüncü mübarizə qapısı açıldı. Bu mübarizə xanım Xədicə üçün ən cətin və eniş- yoxuşu çox olan bir mübarizə idi. Xanım Xədicə nəyin bahasına olursa olsun Rəsulullahla (s) bu yolda sədaqətlə addımlamalı idi.
Besətin dördüncü ili Rəsulullah (s) həcc mövsümündə üzünü Məkkə müşrüklərinə tutub uca səslə dedi: Ey Məkkə camaatı! Mən Allah tərəfindən sizin hidayətiniz üçün göndərilmiş peyğəmbərəm. Rəsullullah (s) bu sözü üç dəfə təkrar etdikdən sonra Məkkə müşrükləri o həzrətə hücum edib onun mübarək simasını al qana boyadılar. Bu xəbər xanım Xədicəyə yetişən kimi, özünü tez hadisə yerinə yetirdi. Amma Rəsulullıahı orda tapmayıb ağlaya ağlaya onu səsləməyə başladı. Bu vaxt cənab Cəbrail Peyğəmbərə nazil olub buyurdu: görürsənmi Xədicənin göz yaşların? Onun göz yaşlarına göydə mələklər də ağlayır. Onu yanına çağır. Allahın salamın ona yetir və onu behiştlə müjdələ. (biharul ənvar, c 18, s 241)
Həzrət Peyğəmbər (s) buyurb: İslam dini Xədicənin sərvəti və Əlinin qılıncı ilə möhkəmlənib. Xanım Xədicə besətin əvvəllərində islam dininin genişlənməsi və müsəlmanların çətinliklərinin aradan qaldırılması üçün bütün var dövlətini Rəsulullahın (s) öhdəsində qoymuşdu. Nəhayət "Şeybi Əbutalib" hadisəsində bütün var-dövlətini xərc etdi. Xədicə bu hadisəni belə xatırlayır: Şeybi Əbutalib hadisəsinin axırında təkcə iki dəri qalmışdı ki, onlardan birinin üstündə yatır və digərini üstümə örtürdüm. Həqiqətən o səxavətli xanımın sərvətinin sayəsində müsəlmanlar və Bəni Haşim ailəsi sağ qaldılar və Həzrəti Əlinin (ə) Xəndək döyüşündəki zərbəsi ilə taleyi həll olundu
Şeybi Əbutalib
İslam tarixində mühüm olan hadisələrdən biri də "Şeybi Əbutalib" dir. Şeybi Əbutalib Məkkənin ətrafında Əbul qəbis dağının ətəyində yerləşən çökəklikdir ki, Peyğəmbərin (s) əmisi Əbutalibin mülkü hesab olunurdu. Məkkə müşrükləri peyğəmbəri öz müqəddəs hədəfindən çəkindirmək üçün belə qərara gəldilər ki, Bəni Haşimlə tamamilə əlaqəni kəssinlər və peyğəmbər də özünü mübarizə səhnəsində tək görüb hədəfindən çəkinsin. Bu səbəbdən qəbilə başçıları bir yerə toplaşıb aşağıdakı məzmunda qətnamə yazdılar və qırx nəfər qəbilə nümayəndəsi tərəfindən imzalanaraq Kəbə evinin divarından asdılar. Qətnamənin şərtləri:
1.Bəni Haşimlə bütün qohumluq əlaqəsini kəsmək.
2.Onlara qız verməmək və onlardan qız almamaq.
3.Onlarla bütün iqtisadi əlaqəni kəsmək.
4.Onlara hər hansı bir müsibət üz verərsə onları himayət etməmək .
5.Bəni Haşim və müsəlmanlar Məhəmmədi bizə təhvil verdikdən sonra bu mühasirədən xaric olarlar.
Bunu eşidən Əbutalib müsəlmanları və Bəni Haşimi bir yerə toplayıb onları məsələdən xəbərdar etdi və bu dərədə məskunlaşmağı məsləhət bildi. Sonralar tarixdə bu dərə "Şeybi Əbutalib"adı ilə məhşur oldu. Bəni Haşim və müsəlmanlar 3 il "Şeybi Əbutalib"də mühasirədə qaldılar. Bu 3 il ərzində həzrəti Xədicənin tamam mal-dövləti onların sağ qalması üçün xərc olundu. Çünki heç kəs onlara bir şey satmır və onlardan nəsə almırdılar.
Xanım Xədicənin Vəfatı
İslam tarixçilərinin nəzərinə görə xanım Xədicə və həzrəti Əbutalib "şeybi Əbutalib"də hamıdan çox əziyyət çəkdikləri üçün mühasirə sona yetdikdən sonra hər ikisi aralarında az fasilə olmaqla vəfat etmişdilər. Mərhum Əllamə Əmini əl qədir kitabında yazır: Əbutalib besətin onuncu ili, şəvval ayının 15-də, xanım Xədicə isə ondan 35 gün sonra vəfat etmişdir. Bu səbəbdən Peyğəmbər (s) bu ilin "amul hüzn" adlandırmışdı.
Xanım Xədicənin Ummu Sələməyə olan vəsiyyəti
Xanım Xədicənin ən yaxın rəfiqələrindən biri olan Əsma binti Yəzid (künyəsi Ummu Sələmə) belə nəql edir ki, xanım Xədicənin axır vaxtları idi. Biz bir neçə xanım onun görüşünə getmişdik. Xanım bizi görüb ağlamağa başladı. Mən ona dedim: Ey Xədicə! Sən bizim hamımızdan imanlısan, niyə ağlayırsan? Xanım Xədicə üzünü bizə tutub dedi: Mən ölümdən qorxub ağlamıram, o günə ağlayıram ki, qizim Zəhranın gözü toy gecəsi ana axtaracaq. Çünki hər bir qız ər evinə gedəndə bütün sirrin, sözün anası ilə bölüşdürür, anası ona ürək dirək verir. Mən ki ölürəm. Mənim Zəhram toy gecəsi tək qalacaq. Mən ona söz verdim ki, əgər Allah taala mənə ömür versə, mən toy gecəsi Zəhraya ana olaram, qoymaram ki, anası olmadığı üçün qəmgin olsun. Hicrətin ikinci ili xanım Zəhranın toy axşamında toy mərasimindən sonra Allahın Rəsulu (s) xanımlara göstəriş verdi ki, hamı evinə getsin. Hamı getdikdən sonra Rəsulullah (s) məni orda görüb dedi: Mən demədimmi hamı getsin. Mən dedim: Anam atam sənə fəda olsun, ey Allahın Rəsulu! Elə başa düşmə ki, mən itaətsizlik edib getməmişəm. Mən xanım Xədicəyə söz vermişdim ki, toy gecəsi Zəhranı tək qoymayacam. Allahın Rəsulu Xədicənin adını eşidib ağladı və dedi: Səni and verirəm Allaha de görüm sən həqiqətən öz əhdinə vəfa etmək üçün burada qalmısan? Dedim: Ya Rəsulullah and ola Allaha ki, bu səbəbdən burda qalmışam. Ondan sonra Allahın Rəsulu mübarək əllərini göyə tutub mənim üçün dua etdi.(kəşful ğumma, c 43, s 138)
Həzrəti Peyğəmbər üçün xanım Xədicənin vəfatı çox çətin idi. Bir tərəfdən Məkkə müşrükləri Əbutalib və Xədicənin vəfatından sonra cürətlənib o həzrətiə əziyyət edirdilər. Bir gün Peyğəmbər (s) küçələrin biri ilə gedirdi. Birdən müşrüklərdən biri içi zibil ilə dolu olan qabı o həzrətiin üstünə tökdü. Bu hadisə olduqca o həzrətiə pis təsir etdi. Çünki həmişə belə hallar olanda evə gedər, Xədicə onun paltarını, üz gözünü təmizləyər, ona təsəlli verərdi. Artıq o ləyaqətli və mehriban xanım dünyasın dəyişib, Rəsulullah necə evə getsin? Peyğəmbər evə döndü. Xanım Zəhra atasını belə görüb tez onun yanına gəldi, atasını nəvaziş edə-edə onun paltarını təmizləyib, balaca əlləri ilə atasının mübarək simasını sildi. Sanki xanım çalışırdı ki,atası anasının yoxluğunu hiss etməsin.(sireyi ibn Hişam, c 2, s 58) Amma Peyğəmbər xanım Xədicəni ömrünün axırına kimi unutmadı və daim onu xatırlayanda mübarək gözləri yaşla dolurdu. Onun ziyarətinə gedir, dərdini yenə də onunla bölüşürdü. (Xanım Xədicə və həzrəti Əbutalibin müqəddəs məzarları Məkkənin şimalında Həcun, indiki Muğəlla qəbirstanındadır. 727 h.q.-ci ildə onların məzarları məkkə müsəlmanları tərəfindən təmir olunmuşdu. Təəssüflər olsun ki, 1344-cü ildə vəhhabi daşnaqları Məkkəyə daxil olandan sonra bütün qəbirləri viran qouydular. Həmçinin bu iki qəbirə də cəsarət etdilər. İndi də onlıarın qəbirlərini ziyarət etmək qadağandır)
İslam tarixçilərinin dediyinə görə həzrəti Peyğəmbərin on bir həyat yoldaşı olmuşdur. Hamıya məlumdur ki, peyğəmbərin bu qədər ailə qurmasında məqsədi var idi. Bəzi tarixdən xəbərsiz insanlar eşitdiklərinə istinad edərək deyirlər ki, "peyğəmbərin xanım Xədicə ilə ailə qurmasında əsil məqsədi onun mal dövləti idi ki. Bu yolla öz dinini genişləndirmək və möhkəmlətlək istəyirdi".
Bu danılmazdır ki, xanım Xədicənin sərvəti islam dininin genişləndirilməsində və möhkəmlənəsində mühüm rol oynayıb. Amma bu o demək deyil ki, həzrəti Peyğəmbər xanım Xədicə ilə onun sərvətinə görə ailə qurub. Bəlkə xanım Xədicənin öz məqamı idi ki, onun öz Peyğəmbər onu özünə layiq bilmişdir. Buna iki əsas dəlilimiz var.
Birincisi: böyük islam Peyğəmbəri xanım Xədicəni xatirladığı kimi ayrı xanımların xatırlamayıb. Yəni onun hörmətini saxladığı kimi heç bir xanımının hörmətini saxlamayıb.
Xanım Xədicə Peyğəmbərin dilində
1.Həzrəti Peyğəmbər(s) buyurub: Dünya qadınların içində xanım Xədicədən və Məryəm İmran qızından üstün qadın yoxdur. (kəşful ğummə c 2, s 71)
2.Keçmiş ümmətlərin ən ləyaqətli xanımı Məryəm İmran qızı və mənim ümmətimin içində Xədicədən ləyaqətli xanım yoxdur.(səhihi buxari, c 4, s 164)
3.Peyğəmbər (s) buyurub:Dünyanın ən ləyaqətli xanımları bunlardır: Məryəm, Asya, Xədicə və Fatimə Muhəmməd qızıdır.
4.Allah tərəfindən məmur idim ki, Xədicənin Behiştdəki evi ilə müjdələyəm. Elə bir ev ki, orada heç bir çətinlik yoxdur.(kəşful ğumma, c 2, s 71)
5.Bir gün Peyğəmbərin xanımları arasında xanım Xədicədən söz düşdü. Peyğəmbər onların bəhsini eşidəndə mübarək gözləri yaşardı. Ayişə Peyğəmbərin bu halını görüb dedi: Niyə ölüb getmiş qoca arvad üçün ağlayırsan? Peyğəmbər bu sözdən daha da narahat olub dedi: Siz kafir olanda ,o möminə idi. Siz məni yalançı hesab edəndə, o məni əmin bilirdi. O mənim üçün dünyanın ən ləyaqətli övladlarını dünyaya gətirib, siz isə sonsuzsunuz.(kəşful ğumma. c 2, s 72)
6.Bir gün xanım Xədicənin bacısı Halə Mədinəyə Peyğəmbərin görüşünə gəlmişdi. Peyğəmbər onu görüb kədərləndi. Xədicəli günləri xatırlayıb ağladı. Halə gedəndən sonra Ayişə üznü Rəsulullaha tutub dedi: Niyə özünü o qoca arvad üçün bu qədər kədərləndirirsən, Allah taala ondan da yaxşısını sənə nəsib edib. Peyğəmbər bu sözdən narahat olub dedi: And olsun bizi yaradana ki,ondan yaxşısı mənə rast gəlməyib. O elə bir vaxt mənə iman gətirib ki ,hamı məni yalançı sayırdı. Elə bir vaxtda mal dövlətini mənim ixtiyarında qoydu ki, heç kəs mənə heç nə satmırdı.(Qamusul rical, c 10, s 432)
7.Ayişə deyir: Hər vaxt Peyğəmbər qoyun kəsərdi, Xədicənin də dostalrına gömdərərdi.(Riyaheyn əşəriğə, c 2, s 206)
İkincisi: Xanım Xədicənin Allah yanında olan məqamı idi ki, Allah taala onu Rəsuluna layiq bilmişdir. Xanım Xədicə islam dinindən öncə cahil ərəblərin içində səxavəti, mürüvvəti və insani əməlləri ilə müəyyən ləqəblərə layiq görülmüşdü. O cümlədən Qureyşin Tahirəsi, Kubra, Qureyş xanımlarını seyyidəsi və s... Mübarək qədəmlərini ilk dəfə olaraq islam dininə basanda isə dünya qadınlarının seyyidəsi oldu.(əl istiğab, c 4, s 373 və təbəqatul kübra, c 1, s 131) bundan başqa tarixçilər daim onu öz qələmlərində xoş əxlaq, insaflı, səxavətli kimi xatiırlamışdıar.
Xanım Xədicənin Allah və onun Rəsulunun yanındakı məqamı
1. Tarix bizə göstərir ki, xanım Xədicə islam dininə ilk iman gətirib. Allah taalanın əmr etdiyi dinə onun rəsulundan sonra ikinci baş əyib.
2. Allah taala cənab Cəbraildən dəfələrlə xanım Xədicəyə salam göndərmişdir.(Möğcəmul kubra, c 33, s 17)
3. Allahın Rəsulu dəfələrlə onun məqamının Allah yanında uca olmasından söz açıb və buyurub: Behişt qadınlarının sərvəri bu dörd qadındır, Məryəm İmran qızı, Fatimə Məhəmməd qızı, Xədicə Xuvəyld qızı, Asya Məzahim qızı(Fironun xanımı) (müsnədi Əhməd, c 1, s 316)
4. Xanım Xədicənin evindən həzrəti Peyğəmbər ilk dəfə meraca getmişdi.(Nəhcul bəlağə, 192-ci xütbə) Xanım Xədicənin evindən iki mühüm tarixi şəxsiyyət parlamışdı. Fatimə(s) və Əli(ə). Bu iki şəxsiyyəti islam tarixi gözləri yaşlı halda qiyamət gününə kimi yaşadacaq.
5. Xanım Xədicənin vəfat etdiyi ili Peyğəmbər amul hüzn adlandırmışdır. Bu adı digər xanımları vəfat edəndə onlar üçün zikr etməmişdir. Elə bir vaxt olmazdı ki, peyğəmbər onu xatırlayanda gözləri yaşla dolmasın.
Əziz oxucular, tarixin bu səhifələrindən bizə məlum olur ki, böyük islam peyğəmbəri, həzrəti Məhəmməd (s) xanım Xədicə ilə yalnız və yalnız bir səbəbdən ailə qurub. Bu da yalnız xanım Xədicənin məqamı və islam peyğəmbərinə layiq olması idi. Əgər o zaman xanım Xədicə olmasaydı, ikinci bir məqam sahibi yox idi ki, həzrəti Peyğəmbər onunla evlənsin.

Emil Kazımlı

Категория: Məqalələr | Просмотров: 988 | Добавил: YA_aLI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz