Cümə, 19.04.2024, 00:36
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » May » 13 » Ailə səadətinə yetişməyin bir neçə sirri
23:34
Ailə səadətinə yetişməyin bir neçə sirri

Yeni evlənən gənc oğlan və qız sanki yenidən dünyaya gəlir və özlərini yeni bir dəryaya atırlar. Dəryanın coşub-daşan dalğalarından özlərini qoruya bilmələri üçün son dərəcədə ağıllı olmaları lazımdır, lap dənizdə yaşayan quşlar və balıqlar kimi. Əgər onlar böyük dəryalarda yaşaya bilmirlərsə, tez bir zamanda çətin həyatdan sonra girdablarda boğularaq öz yeni həyatlarına son qoymalı olacaqlar...

Kişi və qadın bir tamdır və cinsindən asılı olmayaraq hər biri hörmətə layiqdir. Dinimiz bizlərə kişi ilə qadının ailə ittifaqına ülvi hisslərlə yanaşmağı öyrədir və ailənin dəyəri İslamda çox yüksək qiymətləndirilir. İslamda ailə münasibətlərini tənzimləyən müfəssəl qayda-qanunlara, buyruqlara heç bir dində rast gəlinmir. Buradakı qadına hörmət etməyə, ona qarşı sevgi, incəlik və nəvaziş göstərməyə olan çağırışa heç bir mədəni sivilizasiya, prinsip və cəmiyyətlərdə rast gəlmək mümkün deyil. Axı İslam insanın haqqını qorumaq, ona hörmət etmək və öz mərhəmətini bütün yer kürəsinə yaymaq üçün gəlibdir!

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (Qurani-Kərim 30;21).

Evli olanlara, ömür yoldaşı ilə səfa və məhəbbətlə dolu bir həyat sürmək istəyənlərə bu məqaləni oxumalarını və buradakı məsləhətlərdən faydalanmalarını tövsiyə edirik. İnanırıq ki, bu məqalə, kiçik olmasına baxmayaraq, əziz bacı və qardaşlarımızın ailə həyatına bir işıq salacaqdır.

 

AŞAĞIDAKI MƏSLƏHƏTLƏRİMİZƏ ƏMƏL ETMƏYƏ TƏLƏSİN!!

BİR-BİRİNİZİ SEVDİYİNİZ ADLARLA ÇAĞIRIN!


Ər və arvad bir-birlərini ən çox sevdikləri və xoşlarına gələn adlarla çağırmalıdırlar. Adıyla olsun, soyadıyla, ləqəb və ya başqa bir adla olsun, fərq etməz, vacib olan onların xoşlarına gələn adları seçməkdir.

Evli cütlüklər, xüsusilə evliliklərinin ilk dönəmində, bir-birini çağırdıqda sevgi əlaməti olan bir kəlmədən istifadə etsələr, daha yaxşı olar. Çox gözəl olardı ki, ailə üzvləri bir-birlərini adları ilə çağırmasınlar. Bəzən adları qısaldaraq istifadə etmək evlilər arasındakı səmimiyyəti daha da artıra bilir, ona görə də, yeri gəldikcə bundan istifadə etmək olar. Evin xanımının ərinə müraciət etdikdə onun sevdiyi kəlməni işlətməsi çox yaxşı olardı. Ümumiyyətlə, sevdiyiniz insanı və yaxud da dostu xoşladığı adla çağırmaq səmimiyyəti mütləq artırır. Eyni qaydada evdə, evdən kənarda, kənddə və şəhərdə işlədilən kəlmələr fərqlidirlər. Hətta dildən dilə və ya bölgədən bölgəyə də fərq var.

 

SƏSİNİZİ ÇOX YÜKSƏLTMƏYİN!

Toxunmaq istədiyimiz digər bir mövzu da insanın həyat yoldaşı və başqa insanlarla danışarkən səsini onların eşidə biləcəyindən çox yüksəltməməsi və həm də yumşaq, mülayim bir şəkildə danışması barədədir. Yüksək səslə danışmaq həm insanın əsəblərini zədələyir, həm də qarşı tərəfi narahat edir. Nəticədə yoldaşının ondan uzaqlaşmasına və əsəblərin gərginləşməsinə səbəb olur, bu da ailədə sevgi, məhəbbət və səmimiyyətin azalıb aradan getməsinə gətirib çıxarır.

 

BİR-BİRİNİZƏ SALAM VERİN!

İki insanın bir-birinə salam verməsi səmimiyyətin yaranmasına səbəb olur, kin və küskünlüyü yox edir, qaşqabaqlı insanı mehriban, gülərüzlü birinə çevirir. Ər-arvad arasında səmimiyyət ən çox ehtiyac duyulan bir şey olduğu üçün evlilikdə salam vermənin əhəmiyyəti daha çoxdur. Bir kişi evinə daxil olan kimi, aydındır ki, xoş bir səslə xanımına salam verməlidir. Bəziləri salam vermənin bir-birlərindən uzaq insanlar üçün olduğunu zənn edir və ər-arvadın bir-birlərinə yaxın olduqları üçün salam vermələrinə ehtiyac olmadığını güman edirlər. Bu, böyük bir yanlışlıqdır! Salamlaşma iki insan arasında kinin qırılması və səmimi münasibətlərin uzun müddət qorunub saxlanılması üçün gözəl bir vasitədir. Ər-arvad bu məsələni kiçiltməməlidirlər.

Bir nəfər belə bir hadisə nəql edir:

"Mənim bir zəngin dostum var idi. Bir gün ürəyini mənə açıb dedi:

-Maddi imkanımızın, həyat səviyyəmizin çox yüksək olmasına baxmayaraq, xanımım və uşaqlarım ilə münasibətim istədiyim kimi isti və canlı deyil. Halbuki sizin kimi maddi vəziyyəti bizdən çox aşağı olanların həyatı həyəcan, canlılıq və xoşbəxtliklə doludur. Sevinciniz də bizimkindən çoxdur, gözlərinizdən xoşbəxtlik yağır. Uşaqlarınız daha fəal, qəlbləri daha genişdir.

Mən ondan soruşdum:

-Xanımınla qarşılaşdığın zaman ona salam verirsənmi?

-Xeyr.

-İstəyirsənsə, qısa bir müddət sənə məsləhət gördüyüm bu şeyi sına, yəni xanımınla görüşdüyün zaman onu isti salam ilə qarşıla.

-Mən vərəm xəstəliyindən bəhs edirəm, sən isə aspirin tövsiyə edirsən?

Bu sözləri deyən dostum mənalı bir şəkildə başını bulayıb ümidsiz halda məndən ayrıldı. Lakin bir müddət sonra o, yanıma gələrək mənə təşəkkür etdi:

-Doğrudan da, sənin tövsiyən təsirli oldu! Kiçik və dəyərsiz kimi görünən bir salamlaşma bizim ailəmizə ruh və canlılıq gətirdi. Evə gələndə salam verməsəm, xanımım bir küncə çəkilir və ev işlərilə məşğul olmağa davam edir. Salam verdiyim zaman isə o cavab verir, müxtəlif mövzulardan söz açılır və mövcud olan səmimi atmosfer evdən kənardakı və evin özündə olan sıxıntı və yorğunluqları unutdurur. Solmuş və hətta ölmüş olan ailə həyatımız kiçik bir tövsiyə ilə yenidən sevinc və canlılığa qovuşdu.”

Bu məsələdə ən önəmli məqam odur ki, salam vermə bəyənilən bir əməl, salam alma, yəni salama cavab vermək isə vacibdir. Buna görə də, ər-arvaddan biri salam verdikdə digəri cavab verməzsə, bu ailə həyatında kin və ixtilafın yaranmasına gətirib çıxarda bilər. Bununla yanaşı, salamı almamaq Allahın əzabına düçar olmağa da yol aça bilər.

"Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın!” (4;86)

Qadın, zəruri bir işi yoxdursa, öz həyat yoldaşı evdən gedərkən onu ötürməlidir, xoş sözlərlə yola salmalıdır. Əri evə qayıtdıqda isə hər dəfə olmasa da, mümkün olduqca onu qarşılamalı, salamlaşdıqdan sonra əlindəki əşyaları ərinin əlindən alıb ona təşəkkür etməlidir. Bəlkə də deyəcəksiniz: "Görəsən, belə xırda şeylərədəmi diqqət yetirmək lazımdır?” Bəli, hətta bundan da xırda şeylərə belə. Hər bir insan bu kimi mövzuları araşdırmalı, soruşmalı, öyrənməli və həyata keçirməyə çalışmalıdır.

Dəyərli xanımlarımız!

Bunu da bilməlisiniz ki, ərinizi qarşılamanın və ötürmənin fayda və xeyri varsa, bu, sizin özünüz üçündür! Buna riayət etməklə, bir tərəfdən özünüz mənəvi yüksəlişə nail olur, digər tərəfdən də ərinizin sizə qarşı sevgi və məhəbbətini artırmış olursunuz. Hər bir insan kimi həyat yoldaşınız da ona edilən yaxşılıqdan təsirlənir. İlk dəfəsində bu yaxşılığın qarşılığını göstərməyə cəhd etməsə də, sonrakı dəfələrdə o da mütləq payına düşəni etməyə və davranışını düzəltməyə, kiçik xətalarınızı nəzərə almadan sizə qarşı yaxşı münasibət göstərməyə çalışacaq. Səbr edin! Qısa zamanda nəticəni əldə etməsəniz, qətiyyən məyus olmayın, çünki sonda istədiyinizə mütləq nail olacaqsınız!!

Salamlaşma və hətta kiçicik bir xoş söz qarşılıqlı sevgi və səmimiyyətin yaranmasına səbəb olur və könüllərə dostluq toxumu səpir. Kişilər zahirən kiçik, amma həqiqətdə çox böyük olan bu ədəbə əməl etməkdən çəkinməməlidirlər. Qadınlar kişilərdən daha həssas və zərif olduqları üçün ərləri evdə qalırsa, evdən harasa gedəndə həyat yoldaşları ilə sağollaşırlar. Kişilərin də evdən çıxanda bunu unutmamaları vacibdir! Ərin öz yoldaşına "səni sevirəm” deməsi xanımını xoşbəxt edər və onun könlündəki məhəbbəti isti saxlayar, nəticədə qadın da ev işlərini daha böyük həvəslə yerinə yetirər, evi daha təmiz saxlamağa və daha gözəl yeməklər hazırlamağa çalışar, hamısından vacibi isə, bu, qadının sağlam və yüksək bir əhval rühiyyədə olmasına səbəb olar. Həmçinin kişilər də evdə olduqları zaman həyat yoldaş-ları ilə elə davranmalıdırlar ki, evdən ayrıldıqda xanımları sanki həyatlarının evdən getdiyini zənn etsinlər. Ər evə gələrkən sıxıntı və qayğılarını girişdə ayaqqabılarını çıxartdığı kimi evdən kənarda qoymalı və gülər üzlə doğmalarını qarşılamalıdır. Hətta xanımını qucaqlamalı və onun xoşuna gələn gözəl sözlər söyləməlidir. Bunlar qiymətsiz nemətlərdir! Ruhun bu nemətləri əldə etməsində ərin bu kimi kiçik cümlələri söyləməsinin rolu çox böyükdür. Əziz kişilər! Sizdən böyük bir şey tələb olunmur, sadəcə bir cümlə, baxın görün bir cümlə nələr etməyə qadirdir! "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin” (4;19).

Unutmaq lazım deyil ki, qadının gözəl sözlərdən, kişinin isə gözəl görünüşdən xoşu gəlir. Ona görə də, kişi "səni sevirəm” cümləsini söyləməyi heç bir zaman unutmamalıdır. Eyni zamanda qadın da həyat yoldaşı gəlməzdən öncə bəzənməyi əsla yaddan çıxartmamalıdır. Beləliklə, hər ikisi bir-birlərinin təbii ehtiyaclarını ən gözəl şəkildə qarşılamış olarlar.

Əziz oxucular! İnsanın yaşadığı mühit onun həyatında ən vacib amillərdən biri hesab olunur. Əgər hər birimizin xoşbəxt, rahat və isti bir yuvası olsa, cəmiyyətdə üzləşdiyimiz bir çox problem və haqsızlıqların bizə bir o qədər də təsiri olmayacaq. Möhkəm və səmimi ailə ocağımız bizə onların öhdəsindən rahatlıqla gəlməyimizə köməklik göstərə bilər. Ümidvarıq ki, yuxarıda qeyd olunan bir neçə məsləhət hər birimizin ailə ocağına sevinc gətirəcək. Bizdən sadəcə səbrli olmağımız tələb olunur, çünki unutmamalıyıq ki, Allah səbr edənlərin dostudur!

ÖZÜNÜZÜ SINAYIN!!!

QADINLARA:

1. Ərinizə iş həyatında tam azadlıq verirsinizmi? Seçdiyi sənəti tənqid etməkdən, evə gec gəlməsini, saatlarını istədiyi kimi sərf etməsini bəyənmədiyinizi bildirməkdən çəkinirsinizmi?

2. Ailə həyatınızın şirin və cazibədar olması üçün əlinizdən gələni edirsinizmi?

3. Yemək süfrəsində ərinizin gözləmədiyi yeni və dadlı yeməklər ortaya qoyaraq onu sevindirirsinizmi?

4. Ərinizin işi ilə maraqlanaraq kömək etmək üçün bu barədə onunla danışırsınızmı?

5. Ərinizin maddi durumunu nəzərə alaraq yaxşı və ya pis zamanlarında şadlığınızı itirmədən, hər vəziyyətə uyğun bir yol tuta bilirsinizmi? Onu daha zəngin bir adamla müqayisə etməkdən çəkinirsinizmi?

6. Ərinizin anasıyla, qohumlarıyla yaxşı yola gedirsinizmi?

7. Geyiminizdə ərinizin zövqünü də nəzərə alırsınızmı?

8. Evinizin nizamında ərinizlə anlaşmaq üçün bəzi düşüncə fərqliliklərinə göz yuma bilirsinizmi?

9. Ərinizin xoşuna gələn əyləncələri öyrənərək boş vaxtlarınızı onunla paylaşa bilirsinizmi?

10. Günün xəbərləri ilə, yeni fikirlərlə tanış olaraq ərinizi maraqlandıran şeylərə qatıla bilirsinizmi?


 

KİŞİLƏRƏ:

1.Xanımınıza arada bir çiçəklər hədiyyə edərək, onun ad günlərini xatırlayaraq və yaxud gözlənilməyən zamanlarda kiçik, lakin xoş sürprizlər edərək ona qarşı sevgi və hörmətinizi göstərirsinizmi?

2.Xanımınızı başqalarının qarşısında tənqid etməkdən çəkinirsinizmi?

3.Ev xərclərindən əlavə istədiyi kimi xərcləmək üçün ona ayrıca pul verirsinizmi?

4.Onun bir qadın olduğunu nəzərə alaraq, məsələn, xəstə olduğu günlərdə yorğunluğunu unutdurmaq, əsəblərini sakitləşdirmək üçün kömək edirsinizmi?

5.Boş vaxtlarınızın heç olmasa yarısını xanımınızla keçirirsinizmi?

6.Xanımınızın ev fəaliyyətini ananızın və ya başqa qohumlarınızın evdarlığı ilə müqayisə edərək (onlardan üstün olan cəhətlərini müqayisə etməkdən başqa) onu tənqid etməkdən çəkinirsinizmi?

7.Xanımınızın düşüncələri, daxil olduğu dərnək və qurumlarla maraqlanırsınızmı?

8.Onların da bəzi ehtiyacları olduğunu qəbul edirsinizmi?

9.Xanımınızı tərif etmək, onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edirsinizmi?

10.Düymənizi tikmək, paltarınızı ütüləmək kimi xidmətlərə görə ona təşəkkür edirsinizmi? İmkan daxilində, onlara bu işlərdə yardım etməyə çalışırsınızmı?
Категория: Məqalələr | Просмотров: 1054 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz